ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, İranla atəşkəs rejiminin uzadılmasını istəmir.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mən bunu etmək istəmirəm”, - deyə Tramp "CNBC" telekanalına müsahibəsində atəşkəsin uzadılması ehtimalı ilə bağlı suala cavab verərkən bildirib.
Bununla belə, o, yaxın vaxtlarda Tehranla münaqişənin nizamlanması üzrə razılaşmanın əldə olunacağına ümid etdiyini ifadə edib.
Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Tramp müsahibədə eyni zamanda Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətə də münasibət bildirib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı İranın deyil, məhz ABŞ-nin nəzarətindədir.
“Tam şəkildə boğaza nəzarət edirik, bunu bilməyinizi istəyirəm”, – deyə o, "CNBC" telekanalının canlı yayımında bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını bəyan etmişdi. Tramp isə bildirib ki, tərəflər arasında yekun razılaşma əldə olunana qədər Vaşinqton İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirəcək.