İran ərazisində Culfa-Kəlalə magistral yolu regionun strateji dəhlizinə çevriləcək.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat İnfrastrukturlarının Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Huşəng Bazvənd Culfa-Kəlalə marşturu ilə yaxından tanış olarkən deyib.
Onun sözlərinə görə, bu magistral yol İranı Naxçıvan Muxtar Respublikası, Ermənistan və Azərbaycana birləşdirən əsas yollardan biridir. Regionda baş verən proseslər, xüsusilə də Zəngəzur dəhlizini nəzərə alaraq Culfa-Kəlalə marşrutunun təkmilləşdirilməsinin sürətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bazvənd bildirib ki, Culfa-Kəlalə magistral yolunun uzunluğu 107 kilometrdir. Onun tikintisinə 3 il öncə başlanıb və hazırda bu yolun 90 kilometrdən çoxunda tikinti işləri davam etdirilir.
“Culfa-Kəlalə magistral yolunda fiziki işlərin 45%-i başa çatdırılıb. 28 kilometri isə asfaltlanıb. Sözügedən yolda ümumilikdə 9 km uzunluğunda 20 tunel olacaq. İndiyə qədər 4,7 min metr uzunluğunda hedinq (heding) işləri, 1,85 min metr uzunluğunda benç (bench) işləri və 900 metrdə isə layninq (lining) işləri aparılıb”, - deyə o qeyd edib.
Bazvənd magistral yolun təkmilləşdirilməsi üçün 150 trilyon rial (təxminən 113 milyon dollar) dəyərində vəsaitə ehtiyac var. Bu vəsait zamanında təmin olunduğu halda 1 il ərzində işləri yekunlaşdırmaq mümkün olacaq.
Araz çayı üzərində sərhəd avtomobil körpüsünün tikintisinə münasibət bildirən Bazvənd əlavə edib ki, 374 metr uzunluğunda sərhəd avtomobil körpüsündə işlər tamamlanıb və hazırda asfaltlanma işləri aparılır. Bu körpü uyğun zamanda iki ölkə rəsmiləri tərəfindən istifadəyə veriləcək.
Şirkət rəsmisi qeyd edib ki, Kəlalə sərhəd terminalında inşa işləri davam etdirilməkdədir. İlk mərhələdə sərhəd avtomobil körpüsünün istifadəyə verilməsi ilə bu terminalın da bir hissəsinin istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, İran və Azərbaycan arasında Araz çayı üzərində uzunluğu 374 və eni isə 27,6 metr təşkil edəcək avtomobil körpüsünün inşa edilir. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamət üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.