Yekun razılaşmanın olmamasına baxmayaraq, ABŞ ilə İran arasında danışıqlar tərəflərin niyyətlərinin ciddiliyini nümayiş etdirdi və dialoqun bərpası istiqamətində müsbət və əhəmiyyətli addım oldu.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu barədə öz sözçüsü tərəfindən yayımlanan açıqlamada bildirib.
“Dərin köklü fikir ayrılıqları nəzərə alınmaqla, razılığa bir gecədə nail olmaq mümkün deyil”, - deyə Baş katib vurğulayıb və tərəfləri danışıqları konstruktiv şəkildə davam etdirməyə çağırıb.
BMT-nin rəhbəri, həmçinin atəşkəsə riayət etməyin vacibliyini bir daha vurğulayıb və Yaxın Şərqdəki mövcud münaqişənin hərb yolu ilə həllinin olmadığını qeyd edib.
Baş katib danışıqlara ev sahibliyi etdiyinə görə Pakistana, eləcə də vasitəçilik səylərinə görə Səudiyyə Ərəbistanı, Misir və Türkiyəyə minnətdarlığını bildirib. O, beynəlxalq ictimaiyyəti bu təşəbbüsləri dəstəkləməyə çağırıb.
Bəyanatda, həmçinin beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazında naviqasiya azadlığının qorunmasının vacibliyi vurğulanıb. BMT-nin məlumatına görə, münaqişə səbəbindən boğazda qalan gəmilərdə təxminən 20 min dənizçi var.
Dəniz nəqliyyatındakı fasilələr artıq qlobal iqtisadiyyata mənfi təsir göstərib, bir sıra sektorlarda qeyri-sabitliyi artırıb. Xüsusilə, gübrələrin və onların istehsalı üçün xammalın tədarükündəki fasilələr dünyada milyonlarla insan üçün ərzaq qıtlığı təhlükəsini daha da artırır və yaşayış xərclərinin bahalaşmasına səbəb olur. Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Jorje Moreyra da Silva Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Ticarət Palatası ilə birlikdə martın 27-də açılacağı elan edilən Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün mexanizm yaratmaq məqsədilə tərəflərlə işləməyə davam edir.
BMT Baş katibinin Yaxın Şərq üzrə şəxsi elçisi Jan Arno da regiondakı əsas tərəflərlə məsləhətləşmələri davam etdirir.