ABŞ İranla müharibədəki itkilərini açıqladı

ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatların gedişində 400-ə yaxın Amerikalı hərbi qulluqçu yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi Tim Hokins açıqlama verib.

“400-ə yaxın ABŞ hərbçisi yaralanıb...Onların arasında 3-ü ağır dərəcəli xəsarətlər alıb, 354 nəfər isə yenidən xidmətə qayıdıb. 13 nəfər həlak olub, onlardan yeddisi birbaşa döyüş əməliyyatının gedişində, altısı isə İranın Küveytə endirdiyi zərbə nəticəsində həlak olub, bir nəfər isə Səudiyyə Ərəbistanında aldığı yaralardan həyatını itirib”, -deyə bəyanatda deyilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.