Qazaxıstan İranla bəzi birgə layihələri dondurub

Qazaxıstan regiondakı mürəkkəb vəziyyət fonunda İranla bir sıra birgə layihələri müvəqqəti dayandırıb.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Arman İsetov Senatda keçirilən brifinqdə bildirib.

"İndi, başa düşürsünüz, vəziyyət çox mürəkkəbdir. Hazırda ölkənin hərbi vəziyyətdə olması ilə əlaqədar İranla bir çox layihələrimiz dondurulub. Biznesimiz və sahibkarlarımız indi gözləmə vəziyyətindədirlər", - o deyib.

Nazir müavininin sözlərinə görə, dayandırılmış istiqamətlər arasında taxıl tədarükü, eləcə də ərzaq məhsullarının qarşılıqlı ticarəti sahəsindəki layihələr var.

Bununla belə, o vurğulayıb ki, əməkdaşlığın həcmi ölkə iqtisadiyyatına ciddi təsir göstərmədiyinə görə Qazaxıstan əhəmiyyətli iqtisadi itkilərə məruz qalmır.

Eyni zamanda nazir müavini qeyd edib ki, İranla ənənəvi yaxşı tərəfdaşlıq münasibətləri nəzərə alınmaqla, layihələrin dayandırılmasının müəyyən mənfi təsiri olsa da, bu təsir məhdud olaraq qalır.