İtaliyada azərbaycanlı partizanların xatirəsi anılıb

İtaliyanın Lombardiya regionunun Berqamo əyalətində yerləşən Monte-di-Neze kəndində faşistlər tərəfindən 1945-ci ilin aprelində qətlə yetirilən 120 azərbaycanlının xatirəsi anılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Alzano Lombardo bələdiyyəsinin sədri Kamillo Bertokki və ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış edib, 81 il öncə baş vermiş hadisələrdən danışıblar.

V.Hacıyev o zaman azərbaycanlıların evlərindən qayıtmaq ümidi ilə ayrıldıqlarını, amma taleyin onları əbədi olaraq bu dağların keşikçiləri olmağa yönəltdiyini deyib. O, sözügedən tədbirin məhz həmin insanların xatirələrinə ehtiram olduğunu ifadə edib.