Türkiyədə keçirilən V Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri bir araya gələrək gündəmdə olan regional məsələləri o cümlədən İran münaqişəsinin nizamlanması ilə bağlı yolları müzakirə edəcəklər.
Trend xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.
Adı çəkilən dörd ölkədən olan nazirlər mart ayında İran münaqişəsinin həlli ilə bağlı səylər çərçivəsində iki dəfə görüş keçirib. Xüsusilə, NATO üzvü olan Türkiyə ABŞ, İran və danışıqlara vasitəçilik edən Pakistanla yaxın təmaslardadır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.