İran Hörmüz boğazını açmağa razılaşıb

İran İsrailin Livanda döyüş əməliyyatlarının dayandırması fonunda Hörmüz boğazını açdığını bəyan edib.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi öz sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, artıq Hörmüz boğazı açıqdır və bütün ticarət gəmiləri o marşrutla hərəkət edə bilər:

“Livanda razılaşdırılmış atəşkəsə uyğun olaraq, İranın Limanlar və Dənizçilik Təşkilatı tərəfindən daha əvvəl elan edilmiş razılaşdırılmış marşrut üzrə, atəşkəsin qalan müddəti ərzində Hörmüz boğazından bütün ticarət gəmiləri üçün keçid tam açıq elan edilir”.

 

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.