İran diplomatiyaya məntiqli və lazımi şərait yarandığı halda milli mənafeyin reallaşması istiqamətində ondan istifadə edəcək.
Trend-in məlumatına görə, bunu bu gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın ABŞ ilə müzakirələrinin növbəti raundu haqda yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, diplomatiya milli mənafeyi və təhlükəsizliyi təmin etmək üçün bir vasitədir.
Bəqai Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd Eshaq Darın atəşkəs rejiminin müddətinin uzadılmasına dair təklifi ilə əlaqədar Pakistanın regionda müharibəyə son qoyulması və sülhün bərpası istiqamətində göstərdiyi müsbət və vasitəçilik səylərini alqışlayıb. O bildirib ki, İran bu müharibəni başlayan tərəf olmayıb və İranın bütün addımları ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarına cavab olaraq özünümüdafiə xarakteri daşıyıb.
Bəqai deyib ki, ölkəyə hücum edənlərin cavabdeh olması və kompensasiyanın tələb edilməsi üçün İran bütün imkanlardan istifadə edəcək.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.