İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bu həftə Hörmüz boğazında əlavə dəniz minaları yerləşdirdiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ İranın həyata keçirdiyi minalama əməliyyatını aşkar edib və prosesi yaxından izləyir. Portalın məlumatına əsasən, Vaşinqton İranın yerləşdirdiyi yeni minaların sayını bilir, lakin dəqiq rəqəmi açıqlamır.
Nəşr qeyd edir ki, bu, İranın ABŞ hərbi əməliyyatlarının başlanmasından bəri Hörmüz boğazını ikinci dəfə minaladığı ehtimal olunan haldır. Əvvəl yerləşdirilən və mütəxəssislər tərəfindən təxminən 100 mina olduğu bildirilən partlayıcıların hamısının aşkar edilib-edilmədiyi isə hələlik məlum deyil.
Məlumatda, həmçinin qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Hərbi Dəniz Qüvvələrinə İranın mina yerləşdirən gəmilərini “tərəddüd etmədən vurub məhv etməyi” və mina təmizləmə əməliyyatlarını “üçqat intensivliklə” davam etdirməyi əmr edib. Tramp əlavə edib ki, Hörmüz boğazında artıq iki minaaxtaran gəmi – “USS Chief” və “USS Pioneer” fəaliyyət göstərir.