Küveyt dron hücumuna məruz qalıb

Küveytin şimalında, İraqla sərhəddə yerləşən sərhəd postları dron hücumuna məruz qalıb.

Trend xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin “X” səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, hücum 2 dron ilə həyata keçirilib.

“Səhər saatlarında Küveytin şimal quru sərhədində yerləşən iki sərhəd postu partlayıcı maddə ilə yüklənmiş, fiber-optik kabellərlə idarə olunan iki pilotsuz aparat vasitəsilə həyata keçirilmiş cinayət xarakterli hücumun hədəfinə çevrilib. Bu aparatların İraq Respublikası istiqamətindən gəlib, hücum nəticəsində maddi ziyan dəysə də, insan tələfatı qeydə alınmayıb”, – deyə hərbi qurumun "X" platformasında yaydığı bəyanatda bildirilir.

 

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.