Hazırda ABŞ Silahlı Qüvvələrinin arsenalında hipersəsli silahlara və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə sistemi yoxdur.
Trend xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Mark Berkoviç Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlayıb.
O, yeni nəsil raketdən müdafiə sistemi hesab edilən "Qızıl Günbəz" layihəsi ilə bağlı sualları cavablandırarkən bildirib ki, hazırda istifadə olunan müdafiə sistemi kifayət qədər məhduddur.
Berkoviçin sözlərinə görə, ABŞ-da bu gün əsasən Şimali Koreya tərəfindən baş verə biləcək kiçikmiqyaslı və qəfil hücumların qarşısını almaq məqsədilə yaradılmış, yerüstü bazaya malik və birpilləli çox məhdud müdafiə sistemi fəaliyyət göstərir.
O vurğulayıb ki, digər ballistik raket hücumlarına qarşı imkanlar da olduqca məhduddur. Hipersəsli silahlar və qabaqcıl qanadlı raketlərə gəldikdə isə, ABŞ-nin hazırda bu təhdidlərə qarşı heç bir müdafiə sistemi yoxdur.