İran müharibənin fəsadlarına görə Körfəz ölkələrindən kompensasiya tələb edir

Rəsmi Tehran ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının ölkəyə vurduğu ziyana görə körfəz regionu ölkələrindən kompensasiya tələb edir.

Trend İran mediasına istinadən xəbər verir ki, bu tələbi İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Əmir-Seyid İrəvani irəli sürüb.

Səfir BMT Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliyinin İrana qarşı hücumlara vasitəçilik etdiyinə görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb.

Səfir qeyd edib ki, adı çəkilən dövlətlər məsuliyyətə cəlb olunmalı və İrana vurulan maddi və mənəvi zərərə görə “tam kompensasiya” ödəməlidirlər.

“Təhlükəsizlik Şurasının, o cümlədən Qətər Dövləti, Bəhreyn Krallığı, Küveyt Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı kimi Fars körfəzinin sahilyanı dövlətlərini İrana qarşı beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyətə cəlb edə bilməməsinə baxmayaraq, həmin dövlətlər cavabdeh dövlətlər kimi öz beynəlxalq hüquqa zidd əməlləri nəticəsində vurulmuş bütün maddi və mənəvi zərərə görə, o cümlədən təzminat ödəməklə, İran İslam Respublikasına tam reparasiya etmək öhdəliyi daşıyırlar”,- deyə məktubda qeyd olunur.

 

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.