İran müharibəsi amerikalılara 37,3 milyard dollardan çox ziyan vurub

Bazar ertəsi günü dərc edilən araşdırmanın nəticələrinə görə, ABŞ-İran müharibəsi amerikalılara əlavə enerji qiymətləri ilə bağlı 37,3 milyard dollardan çox ziyan vurub.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, Braun Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr üzrə Vatson Məktəbinin araşdırmasına görə, fevralın 28-dən bəri amerikalılar əlavə enerji qiymətlərinə təxminən 37 milyard 346 milyon dollar ödəyiblər.

Məlumatlar real vaxt rejimində yenilənir və hər saniyə artmaqda davam edir. Əlavə xərclərin əksəriyyəti (20,41 milyard dollar) neftə, dizel yanacağına ödənilib.

ABŞ-də hər ailə orta hesabla həm benzin, həm də dizel yanacağına ayda 285,10 dollar daha çox pul ödəyib. “Bu, birbaşa Amerika istehlakçılarının cibindən çıxan əlavə xərcdir”, - deyə Braun Universitetinin layihə rəhbəri Ceff Kolqan bildirib.

Müharibə və İranın Hörmüz boğazını bağlamaq qərarı qlobal enerji qiymətlərini kəskin şəkildə artırıb. Bu gün ABŞ-də benzinin qiyməti qallon başına 4,520 dollardır ki, bu da müharibənin başlanğıcında qallon başına 3 dollardan 50 faizdən çox yüksəkdir.