Mart ayında Nəcəf səhrasında gizli şəkildə yerləşdirilmiş hərbi desant qüvvəsi İsrailə məxsus olub. Onlar Amerika Birləşmiş Ştatları silahları ilə silahlanmışdılar.
AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu İraq ordusunun Kərbəla əməliyyatları üzrə komandanı general Əli əl-Haşimi bildirib.
Əl-Haşimi bu yaxınlarda xarici mediada məlumat verilmiş hadisə barədə bəzi detalları açıqlayıb. Qeyd edib ki, təhlükəsizlik qüvvələri Nəcəf səhrasında həmin qüvvələrin mövcudluğunu aşkar etdikdən dərhal sonra əraziyə hərbi bölmələr göndərilib. Onun sözlərinə görə, 48 saatdan az müddətdə hadisə yerinə çatan ordu qüvvələri hər hansı hərbi baza və ya izlərə rast gəlməyiblər.
Xatırladaq ki, bu açıqlama İraq hökumətinin hadisə ilə bağlı ötən gün yaydığı bəyanatdan sonra verilib. Bəyanatda mart ayında Nəcəf səhrasında İraq qüvvələrinin naməlum silahlı qruplaşma ilə toqquşduğu və nəticədə qruplaşmanın geri çəkilməyə məcbur edildiyi bildirilib. Bəyanatda hazırda İraq ərazisində hər hansı xarici baza və ya qüvvənin mövcud olmadığı vurğulanıb.
Bildirilib ki, İraq ordusu Nəcəf və Kərbəla səhralarında “Suverenliyin təmini” adlı əməliyyatlar aparıb. Dörd istiqamətdə həyata keçirilən əməliyyatın məqsədi Kərbəla ilə əl-Nuxeyb bölgəsini birləşdirən yolun təhlükəsizliyini təmin etmək olub.
Medianın məlumatına görə, martın 5-də Kərbəla və Nəcəf arasındakı səhrada İraq təhlükəsizlik qüvvələri ilə naməlum silahlı dəstələr arasında silahlı toqquşma olub. Hadisə nəticəsində 1 təhlükəsizlik əməkdaşı həlak olub, 2-si yaralanıb. Hərbi desantın istifadə edilməyən bir hərbi hissədə yerləşdirildiyi qeyd olunurdu.