Kartexenada narkotik zonasının yerində parklar salınıb - Kolumbiya nümayəndəsi

Kartexena şəhərində həyata keçirilən şəhər yenilənməsi layihəsi çərçivəsində 120-dən çox ailə yeni sosial mənzillərə köçürülüb.

Trend xəbər verir ki, bu barədə Kolumbiya nümayəndəsi Maria Abondano Eskobar Dünya Şəhər Forumunun 13-cü sessiyası (World Urban Forum 13) çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, keçən həftə şəhər üçün yaradılan yeni mərkəzin ilk hissəsinin istifadəyə verilməsi qeyd olunub.

“Bu mərkəzin yaradılması zamanı 20 ildən artıq müddətdə taxta dirəklər üzərində yaşayan 120-dən çox ailəni köçürməli olduq. Onların evləri milyonçuların yaşadığı ərazilərin yaxınlığında yerləşən kiçik taxta konstruksiyalardan ibarət idi”, – deyə o qeyd edib.

Maria Abondano Eskobar bildirib ki, ailələr şəhərin müxtəlif ərazilərində yerləşən yeni sosial mənzillərlə təmin olunub və proses iştirakçılıq prinsipi əsasında həyata keçirilib.

“Bizim merin çox sevdiyi bir ifadə var: “Danışaraq, amma insanları dinləyərək”. İnsanların ehtiyacları və fikirləri yeni təşəbbüslərin formalaşdırılmasında əsas rol oynayırdı”, – deyə o əlavə edib.

Kolumbiya nümayəndəsi vurğulayıb ki, layihənin icrası zamanı sosial uyğunlaşma ilə bağlı ciddi çətinliklər yaranıb.

“Biz düşünürdük ki, insanlara daha yaxşı və ləyaqətli mənzillər təqdim edirik. Amma bəzi ailələr gələcəkdə kommunal xidmətləri necə ödəyəcəkləri və yeni həyat tərzinə necə uyğunlaşacaqları ilə bağlı narahat idilər”, – deyə o bildirib.

O qeyd edib ki, layihənin həyata keçirildiyi ərazi həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi və yüksək zorakılıq səviyyəsi ilə tanınırdı.

“Mexanik və ya çörəkçi adı altında fəaliyyət göstərən bəzi kiçik obyektlər əslində böyük narkotik satış məntəqələri idi. Bu fəaliyyətlərin qarşısını almaq üçün ciddi tədbirlər görülüb”, – deyə Escobar bildirib.

Onun sözlərinə görə, yeni layihə nəticəsində şəhərdə ictimai məkanlar yaradılıb.

 

“Burada futbol və beysbol meydançaları, uşaq parkları, həmçinin ev heyvanları üçün xüsusi zonalar salınıb. Məqsəd Kartaxena sakinləri üçün tarixi mərkəzə yaxın və pulsuz ictimai məkanlar yaratmaq idi”, – deyə o vurğulayıb.

Maria Abondano Escobar əlavə edib ki, şəhər rəhbərliyi yalnız turizmə deyil, həm də yerli əhalinin rifahına investisiya yatırılmasını vacib hesab edir.

“Əgər sakinlər yaxşı yaşayırsa, bu, şəhərin bütün inkişaf zəncirinə müsbət təsir göstərir”, – deyə o bildirib.

Kolumbiya nümayəndəsi sonda Dünya Şəhər Forumu çərçivəsində qurulan yeni tərəfdaşlıqların daha dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.