Çinin Daxili Monqolustan Muxtar Bölgəsində mis ehtiyatlarının tədqiqi zamanı yerin 473,2 metr dərinliyində dinozavr fosili aşkarlanıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, fosil 2023-cü ildə qazma nüvəsinin içərisində, təxminən 120 milyon il əvvələ aid Bayan Qobi Formasiyasının geoloji təbəqəsində tapılıb.
Tədqiqatçılar nümunənin qabırğa hissəsi, dörd quyruq fəqərəsi və digər sümüklərdən ibarət olduğunu bildiriblər. Sümüklərin tam birləşməməsi dinozavrın öldüyü zaman cavan olduğunu göstərir.
Alimlərin fikrincə, fosilin quyruq sümükləri Erkən Təbaşir dövründə yaşamış, əsasən bitkilərlə qidalanan “Psittacosaurus” cinsinə bənzəyir. Lakin nümunənin məhdud olması səbəbindən onun konkret hansı cins və ya növə aid olduğu müəyyən edilməyib.
Mütəxəssislər qazma nüvəsində dinozavr fosilinin aşkarlanmasını nadir hadisə hesab edir və tapıntının bölgədə yaşamış dinozavrların müxtəlifliyi barədə yeni məlumatlar verdiyini qeyd edirlər. Fosilin Daxili Monqolustan Təbiət Tarixi Muzeyində nümayiş etdirilməsi planlaşdırılır.