ABŞ ordusu naziri Daniel Driskoll çərşənbə axşamı Əbu-Dabidə Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə 19 bəndlik ixtisar olunmuş planı Rusiya rəsmilərinə təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Daniel Driskollun təqdim edəcəyi sənəd 28 bəndlik ABŞ sülh planının təqribən 19 bəndə endirilmiş variantıdır.
CBS telekanalı nazirin bazar ertəsi Əbu-Dabidə Rusiya nümayəndələri ilə görüşdüyü və danışıqların çərşənbə axşamı davam edəcəyi barədə xəbər yayıb.
“Financial Times” isə Daniel Driskollun Rusiya nümayəndə heyəti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla danışıqlar aparmaq üçün bazar ertəsi Əbu-Dabiyə gəldiyini yazıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün keçirilməsi və Ukrayna üzrə planın müzakirəsi ilə bağlı ABŞ-dan siqnal aldıqlarını, lakin bu istiqamətdə konkret razılaşmaların hələlik olmadığını bildirib.