Rumıniyanın tanınmış siyasi şərhçisi Yulian Kifu ABŞ tərəfindən irəli sürülən yeni Ukrayna-Rusiya sülh planını təhlil edərək onun mahiyyətini, mümkün nəticələrini və geosiyasi risklərini geniş şəkildə şərh edib. Analitikin fikrincə, təqdim edilən sənəd real sülh modelindən çox, Moskvanın maraqlarına güzəşt tələb edən və faktiki mükafatlandıran bir çərçivə təsiri bağışlayır.
Y.Kifunun sözlərinə görə, plan Ukraynanın təhlükəsizlik arxitekturasını ciddi şəkildə zəiflədə biləcək maddələrdən ibarətdir. Xüsusilə, Ukraynanın NATO üzvlüyünün bloklanması, ordunun məhdudlaşdırılması və Donbasın Rusiyanın nəzarətində “demilitarizə zona” kimi təsbit edilməsi kimi təkliflər Kiyevin suveren hüquqlarına zidd olmaqla yanaşı, Avropanın təhlükəsizlik sisteminin deqradasiyasına yol aça bilər.
Şərhçi bildirir ki, sənəddə yer alan müddəalar Kreml tərəfindən uzun müddətdir müxtəlif formatlarda gündəmə gətirilən şərtlərlə demək olar ki, üst-üstə düşür. Bu isə planın “yeni diplomatik təşəbbüs” deyil, “köhnə rus konsepsiyasının yumşaldılmış variantı” olduğunu göstərir.
Y.Kifunun qeyd etdiyi digər narahat məqam sənədin “non-paper”, yəni, qeyri-rəsmi diplomatik kanal vasitəsilə təqdim edilməsidir. Bu, prosesin şəffaflığını azaldır, Qərbin müəyyən dairələrinin Rusiya ilə gizli razılaşmalar axtardığı barədə təsəvvür yaradır və Ukraynanın diplomatik mövqeyini zəiflədir.
Analitik hesab edir ki, belə bir sənədin “sülh paketi” kimi təqdim edilməsi, əslində, Rusiyanın legitimləşdirilməsi riskini gücləndirir. Onun fikrincə, Ukraynanı təhlükəsizlik zəmanətlərindən məhrum edən heç bir plan nə regionda sülh, nə də davamlı sabitlik yarada bilər.
Y.Kifunun fikrincə, təqdim edilən model, əslində, Rusiya rəhbərliyinin çevikliyini və geri addım atmağa hazır olub-olmadığını yoxlayan testdir. Lakin istənilən halda, şərhçinin qənaətinə görə, davamlı sülh yalnız Ukraynanın suverenliyi və Avropanın təhlükəsizliyi üçün birmənalı təminatlar əsasında mümkündür. Bu təminatlar olmadan istənilən plan “yalnız müvəqqəti, həqiqətdən uzaq sakitlik” yarada bilər.