Avrasiyanın geosiyasi xəritəsində Azərbaycanın rolu: enerji təhlükəsizliyi, logistika və strateji tərəfdaşlıq - TƏHLİL

XXI əsrin geosiyasi reallıqları göstərir ki, enerji resursları, qlobal nəqliyyat marşrutları və iqtisadi inteqrasiya müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzunu və strateji çəkisini müəyyən edən əsas amillərdən biridir. Qloballaşma dövründə yalnız hərbi və siyasi güc deyil, eyni zamanda, enerji ehtiyatlarının idarə olunması, logistika infrastrukturu və beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya dövlətlərin geosiyasi rolunu müəyyən edən əsas faktorlar kimi çıxış edir. Bu baxımdan Azərbaycan son illərdə təkcə regional deyil, həm də qlobal miqyasda artan geosiyasi əhəmiyyətə malik dövlətlərdən birinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, son illərdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu münasibətlər artıq təkcə iqtisadi əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Avropa İttifaqı bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkənin xarici ticarət dövriyyəsinin böyük hissəsi məhz Avropa bazarının payına düşür. Azərbaycanın zəngin enerji ehtiyatları, inkişaf etmiş logistika infrastrukturu və strateji coğrafi mövqeyi Avropanın enerji və iqtisadi təhlükəsizliyi sistemində mühüm rol oynayır.

2026-cı il martın 11-də Bakıda Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş görüş Azərbaycan - Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu görüşdə enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olundu. Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin Azərbaycana artan səfərləri də tərəflər arasında siyasi dialoqun dərinləşdiyini göstərir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də müxtəlif çıxışlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı etibarlı enerji tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir və Azərbaycan bu baxımdan Avropa üçün strateji tərəfdaşlardan biridir.

Enerji diplomatiyası və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu

“Enerji resursları müasir dünyada dövlətlərin geosiyasi təsir imkanlarını müəyyən edən əsas alətlərdən biridir. Enerji ehtiyatlarına malik olan və bu ehtiyatları beynəlxalq bazarlara çıxarmaq üçün güclü infrastruktura sahib olan ölkələr qlobal siyasətdə daha böyük rol oynayırlar. Azərbaycan da bu reallığı nəzərə alaraq enerji diplomatiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin edib. Xəzər hövzəsinin zəngin enerji ehtiyatları ölkənin Avropa bazarlarına çıxışı üçün geniş imkanlar yaradıb. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın geosiyasi rolunun artmasında mühüm rol oynayıb. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının əsas sütunlarından biri hesab olunur. Bu sistemə daxil olan TANAP və TAP qaz kəmərləri Xəzər regionunun enerji ehtiyatlarını Avropa bazarına çatdıran mühüm enerji infrastrukturu kimi çıxış edir. Enerji analitiklərinin fikrincə, bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Onlar Avropanın enerji mənbələrinin şaxələndirilməsinə imkan yaradır və qlobal enerji bazarında yeni balans formalaşdırır. Beynəlxalq media da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna geniş diqqət yetirir. Məsələn, “Financial Times” qəzetində dərc olunan analitik yazılarda qeyd edilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının bir sıra üzv dövlətlərinə və ümumilikdə ondan artıq ölkəyə ixrac olunur. Enerji istehsalının artırılması ilə bağlı planlar isə gələcək illərdə Avropa bazarının enerji təminatının daha da şaxələndirilməsinə töhfə verə bilər”,- deyə K.Qənbərov vurğulayıb.

Orta Dəhliz və Azərbaycanın Avrasiyanın logistika mərkəzinə çevrilməsi

Onun sözlərinə görə, qlobal ticarət sistemində baş verən dəyişikliklər yeni nəqliyyat marşrutlarının formalaşmasına səbəb olub. Ənənəvi ticarət yollarına alternativ olaraq yaranan yeni logistika dəhlizləri Avrasiyanın iqtisadi xəritəsini dəyişməkdədir. Bu kontekstdə Orta Dəhliz layihəsi xüsusi strateji əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut beynəlxalq ticarətin yeni arteriyalarından biri hesab olunur. Azərbaycan bu marşrutun əsas tranzit ölkələrindən biridir və bu layihənin inkişafında mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri ölkənin logistika potensialını əhəmiyyətli dərəcədə artırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən mühüm logistika qovşaqlarından biri hesab edilir və bu liman vasitəsilə Asiya ilə Avropa arasında yük daşımalarının həyata keçirilməsi mümkün olur. Beynəlxalq analitiklər hesab edirlər ki, Orta Dəhliz yaxın illərdə qlobal ticarət sistemində mühüm rol oynayacaq. Məsələn, “The Economist” jurnalında dərc olunan analitik materialda qeyd edilir ki, Avropa ilə Asiya arasında alternativ ticarət marşrutlarının inkişafı qlobal iqtisadi sistemdə yeni balans yaradır və Azərbaycan bu prosesdə əsas rol oynayan ölkələrdən biridir.

Yaşıl enerji strategiyası və yeni iqtisadi model

Ekspert əlavə edib ki, son illərdə Azərbaycan enerji siyasətində yeni strateji istiqamətlər formalaşdırmağa başlayıb. Bu istiqamətlərdən biri bərpa olunan enerji layihələrinin inkişafıdır. Qlobal enerji keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə siyasəti fonunda bərpa olunan enerji mənbələrinin inkişafı dünya ölkələrinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın bu sahədə həyata keçirdiyi strategiya ölkənin gələcək enerji siyasətinin mühüm istiqamətlərindən biridir. Xəzər dənizi regionu külək enerjisi potensialına görə dünyanın ən perspektivli ərazilərindən biri hesab olunur. Eyni zamanda, Azərbaycanın bir çox bölgələri günəş enerjisi istehsalı üçün əlverişli iqlim şəraitinə malikdir. Bu potensialdan istifadə etməklə Azərbaycan gələcəkdə Avropaya yaşıl enerji ixrac edən ölkələrdən birinə çevrilməyi planlaşdırır. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin enerji sektorunun modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.