Estoniya Rusiya ilə sərhəddə tərk edilmiş avtomobilləri satışa çıxaracaq

Estoniyanın Nəqliyyat Departamenti oktyabrın 1-dən etibarən Rusiya ilə sərhəddə yerləşən “Koydula” sərhəd-keçid məntəqəsinin yaxınlığında 72 saatdan artıq müddətdə park edilmiş avtomobillərin evakuasiyasına başlayacaq.

AZƏRTAC xəbər verir ki, “Postimees” qəzetinin məlumatına görə, avtomobillərin daşınması və saxlanması ilə “Svenai” şirkəti məşğul olacaq. Avtomobillər sərhəddən 44 kilometr məsafədə yerləşən pullu dayanacağa aparılacaq.

Nəqliyyat Departamentindən bildirilib ki, nəqliyyat vasitələrinin sahibləri onu geri almaq istədikdə daşınma və saxlanma xərclərini ödəməlidir. Əks halda, avtomobil hərraca çıxarılacaq.

Qeyd edək ki, 2023-cü ildə Avropa İttifaqına üzv ölkələr Rusiya nömrə nişanlı avtomobillərin ərazilərinə girişini qadağan edib.