İngiltərədə aparılan bir araşdırma yaşlılıqda ortaya çıxan sağlamlıq problemlərində şəxsi seçimlərin böyük ölçüdə müəyyənedici olduğunu göstərdi.
İngiltərədə 'Oxford Uzunömürlülük Layihəsi' çərçivəsində tibb, fiziologiya və yaşlanma siyasətləri sahəsində mütəxəssis olan fənlərarası bir heyət tərəfindən 'Daha Uzun, Daha Yaxşı Yaşamaq' adlı hesabat hazırlandı. Tədqiqat insanların öz ömürləri və yaşlılıq sağlamlıqları üzərindəki nəzarətinin düşünüldüyündən çox daha yüksək olduğunu ortaya qoydu. Tədqiqatçılar yaşlılıqdakı xroniki xəstəliklərin və sağlamlıq problemlərinin ən az 80%-nin şəxslərin öz həyat tərzi seçimlərindən qaynaqlandığını bildirdi. Hesabatda işlənmiş qidalardan qaçınmaq, yuxu rejiminə önəm vermək, saat 18.30-dan sonra yemək yeməyi dayandırmaq və ət istehlakını azaltmaq sağlamlıq baxımından tövsiyə olunan məsləhətlər arasında yer aldı.
Harvard və Edinburgh kimi universitetlərdən olan alimlər isə hesabatda göstərilən faizlərin insan biologiyasını və ictimai reallıqları həddindən artıq sadələşdirdiyini iddia etdilər. Tənqidçilər yoxsulluq, ətraf mühitin çirklənməsi, sağlam qidaya çıxış çətinliyi və iş şəraiti kimi şəxsin nəzarətindən kənar olan struktur faktorların nəzərə alınmadığını bildirdilər. Ekspertlər iqtisadi səviyyəsi yüksək olan insanların daha sağlam yaşamasının təsadüf olmadığını vurğuladı və bu cür yanaşmaların əsas məsuliyyəti daşıyan siyasətçiləri və şirkətləri təmizə çıxarma riski daşıdığını qeyd etdilər. Hesabatın müdafiəçiləri məsuliyyəti şəxslərə verməyin insanlara öz həyatlarını yaxşılaşdırma gücü, nəzarət hissi və ümid aşıladığını ifadə etdilər.