Çində kömür mədənində partlayış: 90 ölü
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən partlayışda 90 işçi həyatını itirib, 9 işçi isə hələ də mədəndə qalıb. Bölgəyə göndərilən 345 nəfərlik qrupun axtarış-xilasetmə işləri davam edir.

Çinin şimalındakı Şansi əyalətinə bağlı Çangji şəhərinin Qinyuan rayonunda yerləşən Liushenyu kömür mədənində dünən axşam saatlarında qaz partlayışı baş verib. Partlayışdan sonra mədəndəki karbonmonoksit səviyyəsinin limitləri aşdığı bildirilib.

Çin mediasında yer alan xəbərlərə görə, partlayış zamanı mədəndə ümumilikdə 247 işçi olub. Qrupların müdaxiləsi ilə 100-dən çox işçi yer üzünə çıxarılıb, yer altında qalan işçilər üçün axtarış-xilasetmə əməliyyatı başladılıb. Daha sonra edilən yeniləmələrdə, hadisədə həyatını itirənlərin sayının 90-a yüksəldiyi və 9 işçinin hələ də mədəndə qaldığı açıqlanıb.

Çin Fövqəladə Hallar İdarəetmə Nazirliyi, xilasetmə fəaliyyətlərinə dəstək vermək məqsədilə bölgəyə təchizatlı 345 nəfərdən ibarət 6 milli xilasetmə qrupu göndərib. Bölgədəki axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

DÖVLƏT BAŞÇISI ŞİDƏN TƏDQİQAT VƏ TƏHLÜKƏSİZLİK TƏLİMATI

Çin Dövlət Başçısı Şi Cinping, mədən partlayışının ardından itkin işçilərin xilas edilməsi və yaralıların müalicəsi üçün bütün imkanların səfərbər edilməsi təlimatını verib. Qəzanın səbəbinin hərtərəfli araşdırılmasını və məsul şəxslərin qanunlar çərçivəsində cavab verməsini istəyən Şi, ölkə üzrə səlahiyyətlilərin bu qəzadan dərs çıxararaq iş yeri təhlükəsizliyi mövzusunda daha diqqətli olmaları və mümkün riskləri aradan qaldırmaları çağırışında bulunub.