İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, “Tərəflər arasında mümkün bir anlaşma həm çox uzaq, həm də çox yaxın” dedi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, İran mətbuatına, ABŞ ilə müzakirə prosesinə dair açıqlama verdi. Bekayi, Pakistanın son həftələrdə İran ilə ABŞ arasındakı görüşmələrdə əsas vasitəçi kimi mühüm rol oynadığını bildirdi. Pakistan heyətinin paytaxt Tehrana etdiyi səfərə toxunan Bekayi, səfərin məqsədinin İran ilə ABŞ arasındakı mesaj mübadiləsini davam etdirmək olduğunu söylədi. Bekayi, son günlərdə müxtəlif maddələr və ifadələr üzərində görüşmələr aparıldığını qeyd edərək, “Hələ də anlaşmazlıq mövzusu olan bəzi başlıqlar var. Bu mövzular üzərində qiymətləndirmələr davam edir” ifadələrini işlətdi.
Görüşmələrdən sonra tərəflərin mümkün bir anlaşmaya yaxınlaşıb-yaxınlaşmadığı sualına Bekayi, “Bəlkə anlaşma həm çox uzaq, həm də çox yaxın, deyə bilərəm” cavabını verdi.
ABŞ tərəfinin ziddiyyətli mövqelər sərgilədiyini irəli sürən Bekayi, “Amerikalılar fikirlərini bir çox dəfə dəyişdirdilər və fərqli rəsmilər tərəfindən ziddiyyətli açıqlamalar verildi. Buna görə də bu yanaşmanın yenidən dəyişməyəcəyindən tam əmin ola bilmərik. Əsas məqsədimiz, 14 maddəlik bir anlaşma memorandumu hazırlamaqdır. Bu mətn müharibənin sona çatdırılması üçün zəruri ən mühüm başlıqları və bizim üçün əsas əhəmiyyət daşıyan məsələləri əhatə edəcək. Daha sonra 30 ilə 60 günlük məqbul bir müddət ərzində detallar müzakirə edilərək yekun anlaşmaya çatılacaq. Hazırda bütün diqqətimiz müharibənin sona çatmasıdır” deyə danışdı.