İngiltərə və Uelsdə hər ay 50 pivəxana bağlanır

Yanvar-iyun aylarında İngiltərə və Uelsdə 305 və ya ayda orta hesabla təxminən 50 pivəxana bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə ixtisaslaşan “Altus Group” kompaniyası hökumətin məlumatlarına istinadla bildirib. Məlumata görə, pivəxanaların bəziləri sökülüb, bəziləri isə mənzil, ofis və hətta uşaq bağçasına çevrilib.

Böyük Britaniyada pivəxanaların sayında illərdir ki, azalma müşahidə olunur. Təkcə 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər 472 pivəxana bağlanıb. Ekspertlər buna bir çox səbəb göstərirlər, lakin onların arasında ilk yerdə yüksək inflyasiya gəlir. Belə ki, maliyyə çətinliyi səbəbindən istehlakçılar bu cür əyləncələrə az pul xərcləməyə məcbur olurlar. Eyni zamanda, pivəxana sahibləri beynəlxalq standartlara görə onsuz da yüksək olan spirtli içki vergilərinin artırıla biləcəyindən də qorxur.