Amur pələnglərinin iki fərdi Niderlanddan Qazaxıstan Respublikasının İle-Balxaş Dövlət Təbiət Qoruğuna gətirilib.
AZƏRTAC Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, bu tədbir ekosistemin bərpası və itirilmiş biomüxtəlifliyin qaytarılması istiqamətində mühüm addım olub.
Alimlər, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqı Amur və Turan pələnglərini ayrı-ayrı yarımnövlər kimi deyil, eyni növün ekoloji formaları və ya coğrafi populyasiyaları kimi qəbul edirlər.

Sabit populyasiya formalaşdıqda, bu pələnglər avtomatik olaraq Turan növünün nümayəndələri hesab olunacaq.
Turan pələnginin populyasiya sıxlığı Amur pələngindən xeyli yüksək olub və Hindistanda pələnglərin sıxlığına daha çox yaxınlaşıb. Bu, Balxaş bölgəsində ən azı 100 pələngdən ibarət populyasiya yaratmağa imkan verir.
Tarixən Turan pələnginin Qazaxıstan Respublikasında məskunlaşdığı ərazilər İli və Sırdərya çaylarının sahillərindəki qamışlıqlar və Tuqay meşələri olub.
Qazaxıstanda pələngin bilavasitə məhv edilməsi, onun yaşayış yerlərinin və qida ehtiyatlarının (Tuqay maralları, ceyranlar, sayqalar, kulanlar, cüyürlər və çöl donuzları) yoxa çıxması 1948-ci ilə qədər onun nəslinin kəsilməsinə səbəb olub.