BVF: Qarşıdakı iki ildə inflyasiya təzyiqləri davam edə bilər

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası 2024-cü il aprelin 30-da başa çatan maliyyə ili üzrə Fondun gəlir mövqeyinin illik təhlilini başa çatdırıb və 2025-2027-ci maliyyə ili üçün ortamüddətli büdcəni təsdiqləyib.

AZƏRTAC Fondun məlumatına istinadla xəbər verir ki, BVF 2024-cü maliyyə ili üçün güclü əməliyyat gəliri əldə etdiyini bildirib; Xüsusi Borc Hüquqları (SDR) üzrə xalis gəlir 3,3 milyard ABŞ dolları təşkil edir ki, bu da əsasən BVF kreditinə davamlı yüksək tələbatın hesabınadır.

Fond 2025-2026-cı maliyyə ili üçün proqnozlaşdırılan xalis gəlirləri müvafiq olaraq 3,9 milyard ABŞ dolları və 3,8 milyard ABŞ dolları məbləğində müəyyən edib. Bununla belə, maliyyə bazarının dəyişkənliyi, geosiyasi gərginlik və inflyasiya təzyiqləri kimi qeyri-müəyyənliklər bu proqnozlara, xüsusən də Fondun investisiyalarına və pensiya aktivlərinə mənfi təsir göstərə bilər. Əlavə ödəniş siyasətlərinin və kredit faiz marjalarının davamlı nəzərdən keçirilməsi gələcək gəlirlərə də təsir edə bilər.

BVF-nin kredit dərəcəsi SDR faiz dərəcəsi və bir marjadan ibarətdir. İcraiyyə Şurası əlavə ödəniş siyasətinin nəzərdən keçirilməsi tamamlanana qədər və ya ən gec 2025-ci maliyyə ilinin sonunadək ödəniş dərəcəsi üçün marjanı 100 baza bəndində saxlamaq qərarına gəlib. Bu qərar BVF kreditindən istifadə edən üzv ölkələr üçün sabitliyi təmin edir, eyni zamanda borclanma dəyərinə təsir edən siyasətləri hərtərəfli nəzərdən keçirməyə imkan verir.

Şura 2025-2027-ci maliyyə ili üçün ortamüddətli büdcəni də təsdiq edilib. Qlobal iqtisadiyyatın son sarsıntılara davamlılıq nümayiş etdirməsinə baxmayaraq, BVF etiraf edib ki, yavaş və qeyri-bərabər artım, artan parçalanma və yüksək faiz dərəcələri fonunda inflyasiya təzyiqləri davam edə bilər.