İğdırda akademik Kamal Abdullanın 75 illik yubileyi ilə bağlı konfrans keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdullanın Türkiyənin İğdır şəhərində 75 illik yubileyi ilə bağlı konfrans keçirilib. Rektor İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfransda fəxri qonaq kimi iştirak edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda İğdır vilayətinin valisi Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib.

O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib və konfransın əhəmiyyətini vurğulayıb: “Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb. O qeyd edib ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, - deyə Z.Əliyev qeyd edib.

Konfransda akademik Kamal Abdullanın yaradıcılığı, ədəbi və elmi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, onun Türk dünyası elmində və ədəbi mühitində xidmətləri, “Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, “Qorqudşünaslıq” elmində apardığı tədqiqatlar haqqında danışılıb. Qeyd olunub ki, Kamal Abdulla yaradıcılığı nəinki Türk dünyasının, eyni zamanda, dünya oxucularının diqqətini cəlb edir.

Sonda akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim edilib.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiyada işini davam etdirib.