Türk ekspert: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni geostrateji mərhələyə daxil olur

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın əsasını təşkil edən və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm yer tutan uzunmüddətli struktura malikdir. Bu fonda düşünürəm ki, əməkdaşlığın gələcəyini üç əsas aspektdə nəzərdən keçirməyə dəyər: mövcud boru kəməri layihələrinin dərinləşməsi, Avropanın Rusiya təbii qazından asılılığını dayandırmaq istəyi və Cənub Qaz Dəhlizinin (CQD) genişlənməsi. İki ölkə arasındakı enerji tərəfdaşlığının möhkəmliyi uzun illərdir sınaqdan keçirilib. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri 2005-ci ildən bəri fasiləsiz fəaliyyət göstərir, Ceyhan vasitəsilə İtaliya və İsrail kimi ölkələrə neft tədarük edilir. Qəzzada baş verən hadisələr zamanı beynəlxalq təzyiqlərə baxmayaraq kəmərin işləməyə davam etməsi isə Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının dayanıqlığını göstərən amildir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “TRENDS Research & Advisory” Türkiyə Proqramının direktoru Süha Çubukçuoğlu deyib.

Onun sözlərinə görə, təbii qaz sahəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təkcə ikitərəfli münasibətlərin deyil, həm də Avropanın təchizat təhlükəsizliyinin əsas komponentidir. “2024-cü il məlumatına görə, Azərbaycan Türkiyənin idxal etdiyi qazın təxminən 22 faizini təmin edir ki, bu da Rusiyadan (41 faiz) sonra təchizatın ikinci ən böyük payını təşkil edir. CQD-nin gələcəyi əsasən Avropanın artan tələb diversifikasiyası, Rusiyaya tətbiq olunan sanksiyalar və mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı müvəqqəti gərginlik kontekstində daha da əhəmiyyət qazanır. 2027-ci ilin sonuna qədər Avropa İttifaqı ölkələri Rusiyadan LNG və kəmər qazının alınmasını tamamilə dayandıracaq. Bu isə CQD-nin strateji əhəmiyyətini daha da artırır. Avropa gələcək dövrdə Rusiya qazını əvəz etmək üçün ən yüksək potensiala malik boru kəməri alternativlərini axtardıqca, TANAP-TAP boru kəmərinin genişləndirilməsi gündəmin ən üst pilləsinə yüksəlir”, - deyə o əlavə edib.

Ekspertin fikrincə, CQD-yə alternativ inkişaf variantı ABŞ ilə Yunanıstan arasında imzalanan mayeləşdirilmiş təbii qaz təchizatı və yenidən qazlaşdırma sazişidir. “Bu model Türkiyədən yan keçməyi və Yunanıstan-Bolqarıstan-Rumıniya marşrutu ilə Şərqi Avropanı Amerika LNG-si ilə təmin etməyi hədəfləyir. Lakin bu yanaşmanın struktur məhdudiyyətləri var. Əvvəla, LNG-nin spot bazarındakı dalğalanmalar və yenidən qazlaşdırma mərhələsindəki əlavə xərclər nəzərə alındıqda, müzakirə olunan layihə xərclərin səmərəliliyi baxımından TANAP tərəfindən təmin olunan uzunmüddətli, fasiləsiz və proqnozlaşdırılabilən kəmər təchizatı ilə rəqabət aparmaqda çətinlik çəkəcək. Üstəlik, yeni LNG terminalları, interkonnektorlar və saxlama tutumu tələb edən bu marşrut investisiya həcmi və vaxt baxımından Cənub Qaz Dəhlizi qədər sürətlə miqyaslana bilən həll yolu təklif etmir. Beləliklə, Yunanıstan mərkəzli LNG təchizatı modeli regional diversifikasiya səylərinə töhfə verə bilsə də, Avropanın orta və uzunmüddətli təchizat təhlükəsizliyi məqsədləri baxımından TANAP-ın təklif etdiyi geostrateji üstünlüklərlə eyni səviyyədə alternativ təşkil etməsi ehtimalı azdır”, - deyə Süha Çubukçuoğlu bildirib.

O hesab edir ki, Azərbaycanın ixrac gücünü ildə 32 milyard kubmetrə qədər artırmaq hədəfi, 2027-ci ilə qədər CQD-nin əlavə həcmləri təmin edə biləcəyini göstərir. Bu kontekstdə Türkiyənin tədarük strategiyası və infrastruktur investisiyaları da böyük əhəmiyyət daşıyır. Ölkə idxalda LNG-nin payını 30 faizə qədər yüksəltməyi planlaşdırır və bunun üçün çoxsaylı mənbələrdən qaz tədarükü edir. Türkiyənin 7 boru kəməri, 5 LNG terminalı, 3 FSRU (üzən LNG saxlama və yenidən qazlaşdırma qurğusu) və böyükhəcmli yeraltı qaz anbarları ilə bölgənin ən çevik qaz sistemlərindən birinə sahib olması, ölkəyə Azərbaycan qazının Avropaya nəqlində əsas texniki və kommersiya ara məntəqəsi rolunu oynamağa imkan verir.

Türkiyənin təbii qaz mərkəzinə çevrilməsində Azərbaycanın rolu

“Gələcək üçün mühüm məqamlardan biri də Türkiyənin təbii qaz mərkəzinə çevrilmək hədəfidir. Təchizat müxtəlifliyi, geniş infrastruktur imkanları və EPİAŞ vasitəsilə ticarət platforması yaratmaq potensialı Türkiyənin regional qiymət istinad nöqtəsinə çevrilməsinə şərait yaradır. Bu ssenaridə Azərbaycan qazı həm CQD-nin əsas dayağı rolunu oynayacaq, həm də Türkiyə üzərindən ticarət baxımından daha böyük kommersiya dərinliyi qazanacaq”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, əməkdaşlığın gələcəyi baxımından, Türkmənistan qazını Xəzər tranzit kəməri vasitəsilə sistemə qoşmaq da uzunmüddətli vəziyyəti dəyişdirmək potensialına malikdir. “Əgər TANAP bu qazı daşımaq üçün genişləndirilə bilirsə, Türkiyə-Azərbaycan tərəfdaşlığı təkcə ikitərəfli münasibət olmayacaq, həm də Avropanın enerji təhlükəsizliyində yeni çoxmərkəzli və çoxmənbəli strukturun mərkəzinə çevriləcək. Nəticə etibarilə regionumuzda baş verən neqativ geosiyasi inkişaflara baxmayaraq, mən inanıram ki, gələcək dövrdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı dərinləşməyə və şaxələnməyə davam edəcək. CQD-nin genişləndirilməsi, Avropanın təchizat təhlükəsizliyinin gücləndirilməsi, yeni mənbələrin işə salınması və Türkiyənin kommersiya qaz habına çevrilmək məqsədi bu iki ölkə arasındakı enerji əməkdaşlığını yalnız regional deyil, həm də qlobal miqyasda daha da strateji edəcək”, - deyə Süha Çubukçuoğlu bildirib.