Bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması, əlverişli biznes mühitinin yaxşılaşdırılmasıdır. Onlardan biri də ölkədə rəqabət məcəlləsinin qəbul edilməsidir.
İqtisadçı Xalid Kərimli AZƏRTAC-a bildirib ki, ötən il ərzində ölkəmizdə Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən rəqabət siyasətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
“Belə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm önəm daşıyan sənəd bir sıra sahələrin sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsinə imkan yaradıb. Bununla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını özündə ehtiva edən Rəqabət Məcəlləsi ölkədə azad sahibkarlığın inkişafına, iqtisadiyyatda inhisarçılığın tamamilə aradan qaldırılmasına öz müsbət təsirini göstərib”, - deyə ekspert vurğulayıb.
X.Kərimli qeyd edib ki, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib: “Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişafına və digər sahələrə yönəldilib”.
İqtisadçı, həmçinin vurğulayıb ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” vergi siyasətinin əsas istiqamətlərini müəyyən edir.
“Strategiyada investisiyalar üçün daha əlverişli vergi mühitinin yaradılması, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin gücləndirilməsi, vergi inzibatçılığının rəqəmsallaşdırılması və iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması kimi prioritetlər xüsusi diqqətə layiqdir. Bununla yanaşı, əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan vermək, kapital bazarlarında səhmlərə investisiyanı təşviq etmək, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağıdərəcəli vergi mühitinin formalaşmasına nail olmaq məqsədilə dividendlər üzrə vergi dərəcəsi, həmçinin qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib. Vergi təşviqləri ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, eləcə də xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini verəcək”, - deyə Xalid Kərimli əlavə edib.