Neftin qiymətinin artması bir sıra dövlətlərin maraqlarını təmin edir, digərləri üçün problemdir

OPEC-in iclasında gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qərar qəbul edildi.

AZƏRTAC xəbər verir ki, ötən iclasda hasilatın 2026-cı ilin birinci kvartalında da davam ediləcəyi qərara alınmışdı. Lakin bu dəfə hasilatın gələn il də sabit saxlanılması qərara alındı və Azərbaycan bu qərarı dəstəklədi.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti Rusiya-Ukrayna müharibəsinin dayanması ehtimalı meydana çıxandan sonra enməyə başladı. ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması üçün 28 maddədən ibarət təklifini irəli sürdükdən sonra birjaların reaksiyası özünü çox gözlətmədi və qiymətlər 1 və 1,3 faiz azaldı. ABŞ Prezidentinin Venesuelaya qarşı hərbi əməliyyatlar keçiriləcəyinə işarə vurması və Karib dənizinə hərbi gəmilər göndərilməsi ucuzlaşmanın qarşısını aldı. “Brend” markalı neftin qiyməti 33 sent yəni 0,5 faiz düşərək bir barelinin qiyməti 62,8 dallara, WTI (West Texas Intermediate) markalı neft 32 sent itirərək (0,6 faiz) bir bareli 58,33 dollara qədər azaldı.

Lakin Ukraynanın 1511 kilometr uzunluğunda, dünya bazarına ildə 60 milyon ton (2025-ci ildə 65 milyon ton) neft ixrac edən Xəzər Boru Kəmərinə hücumu qiymətlərin yüksəlməsinə səbəb oldu. “Brend” markalı neftin 1 barelinin qiyməti 63,39, WTI isə 59,55 dollara yüksəldi. Həmçinin Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,44 faiz artaraq 66,34 dollar oldu.

“Phillip Nova” konsaltink şirkətinin analitiki Priyanka Saçdeva bildirib ki, dünya neft bazarı sülh ilə müharibədən asılı vəziyyətdə qalıb. “Reuters” yazır ki, Rusiya-Ukrayna müharibəsində sülhün əldə edilməsi rəsmi Moskvaya bazar neft çıxarmaq imkanı yaradacaq ki, bu da bazarın prinsiplərinə uyğun olaraq təklifi artıracaq. Bütün bunlar isə qiymətlərin enməsinə gətirib çıxaracaq. Müharibənin davam etməsi isə qiymət manipulyasiyası yaradır. Bazar iştirakçıları, birjalar, brokerlər müharibədən istifadə edərək qiyməti oynadırlar. Lakin başlıca məsələlərdən biri də ondan ibarətdir ki, neftin qiymətinin artması bir sıra dövlətlərin və şirkətlərin maraqlarını təmin edirsə, digər dövlətlər üçün isə böyük problemlər yaradır. Neft ixrac edən ölkələr dünya neft bazarının funksiyasından bu və ya digər halda gəlir əldə edə bilirlər. Lakin heç bir enerji resursuna malik olmayan dövlətlər qiymətlərin artmasından nəinki əziyyət çəkir, eləcə də iqtisadi inkişafa nail ola bilmir və siyasi gərginlik yaranır.

Hazırda real vəziyyətin təhlili onu göstərir ki, hasilat və qiymətlər nisbətən sabit qalmalıdır ki, dünyada cərəyan edən gərgin siyasi proseslər daha da kəskinləşməsin. Buna görə də OPEC hasilatın sabit saxlanılması haqqında qərar qəbul edib. Siyasi təsirlərdən başqa hasilatın artıb-azalması da dünya bazarında qiymətlərə təsir göstərən mühüm amillərdən biridir.