Azərbaycan Rusiya və İran arasında ən qısa quru yolunu təmin edir

Bildiyimiz kimi, Azərbaycan, Rusiya və İran arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum üç ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Şimal–Cənub marşrutunun Qərb istiqamətində effektivliyinin artırılmasına xidmət edir. Bu sənəd Şimal–Cənub dəhlizi boyunca gömrük prosedurlarının sadələşdirilməsini, vahid gömrük tariflərinin müəyyənləşdirilməsini, gömrük tariflərinin uzlaşdırılmasını, həmçinin blok qatarların müntəzəm buraxılmasını və ümumiyyətlə nəqliyyat-logistika prosedurlarının təkmilləşdirilməsini özündə ehtiva edir. Bu nə üçün vacibdir? Bu, həm üç ölkə arasında əlaqələrin inkişafı baxımından, həm də Şimal–Cənub marşrutunun Qərb qolunun tamamlanması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

O qeyd edib ki, Şimal–Cənub nəqliyyat koridoru Şimali və Şərqi Avropadan Hind okeanına və Fars körfəzinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir: “Bu dəhliz vasitəsilə Avropadan İrana və Hindistana, eləcə də əks istiqamətdə yüklərin daşınması nəzərdə tutulur. “Şimal–Cənub” nəqliyyat dəhlizi layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan arasında imzalanıb, 2005-ci ildə isə Azərbaycan bu təşəbbüsə qoşulub. Bu nəqliyyat marşrutunun ən vacib hissələrindən biri, şübhəsiz ki, Astara–Rəşt–Qəzvin dəmir yoludur. 2019-cu ildə Rəşt–Qəzvin dəmir yolunun tikintisi tamamlanıb. Ondan bir il əvvəl, 2018-ci ildə Azərbaycan və İran arasında Astara–Rəşt dəmir yolunun maliyyələşdirilməsi haqqında memorandum imzalanıb. Lakin müxtəlif səbəblərdən Rəşt–Astara dəmir yolunun tikintisi bu günə qədər uzanır və bu, Şimal–Cənub koridorunun tam potensialla işləməsinə mane olur. Doğrudur, İran tərəfindən son aylarda müsbət siqnallar var. Məsələn, Rəşt valisi bir neçə həftə öncə bildirib ki, Rəşt–Astara dəmir yolunun 90 kilometrlik hissəsi hazırdır. 162 kilometrlik xətt üzrə cəmi 70 kilometrlik qalıb və bu yol yaxın illərdə tamamlanacaq. Bu cür pozitiv məlumatlar sevindiricidir, lakin sözsüz ki, dəmir yolunun mümkün qədər tez başa çatdırılması bütün region ölkələrinin maraqlarına uyğundur. Burada söhbət yalnız Azərbaycandan deyil, həm Rusiyadan, həm də İranın özündən gedir”.

“Ümumiyyətlə, Şimal–Cənub marşrutu üç qoldan ibarətdir. Birinci qol Rusiya, Mərkəzi Asiya və İran xəttini, ikinci qol Xəzər dənizi üzərindən yüklərin daşınmasını, üçüncü qol isə Qərb istiqamətini - Həştərxan, Mahaçqala, Samur, Azərbaycan və İran xəttini əhatə edir. Burada Azərbaycanın xüsusi strateji əhəmiyyəti var. Çünki Azərbaycan həm Rusiya, həm də İranla sərhədə malik olan bir ölkə kimi bu iki dövlət arasında ən qısa quru yolunu təmin edir. Buna görə də Azərbaycanın regional strateji dəyəri danılmazdır və bu, həm İran, həm də Rusiya tərəfindən aydın şəkildə dərk olunur. Lakin əsas məsələ Rəşt–Astara dəmir yolunun qısa zamanda tamamlanmasıdır. Bu baş verərsə, Azərbaycan təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub istiqamətlərində beynəlxalq nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən birinə çevriləcək. Bu isə ölkəmizin nəqliyyat və logistika habı kimi beynəlxalq siyasi-iqtisadi müstəvidə statusunun və strateji əhəmiyyətinin daha da artmasına xidmət edəcək”, - deyə o Sultan Zahidov vurğulayıb.