Kiberməkanda güc balansı dəyişir: Azərbaycan hibrid təhlükəsizlik sistemini modernləşdirir - MÜSAHİBƏ

Müasir beynəlxalq münasibətlər sistemində ənənəvi müharibə formaları ilə yanaşı, siyasi, informasiya, kiber və iqtisadi vasitələrin birləşdiyi yeni təhlükə mühiti formalaşıb. “Hibrid təhdidlər” adlanan bu konsepsiya dövlətlərin təhlükəsizlik arxitekturasını yenidən qurmağı, müdafiə strategiyalarını isə davamlı şəkildə təkmilləşdirməyi tələb edir. Böyük güclər arasındakı rəqabətin sərtləşməsi, süni intellektin və rəqəmsal alətlərin sürətlə inkişafı hibrid təhdidlərin təsir dairəsini genişləndirir. Azərbaycanın yerləşdiyi region və daşıdığı geosiyasi rol bu çağırışları daha aktual edir.

AZƏRTAC hibrid təhdidlərin yeni dinamikası, informasiya müharibəsinin təsirləri, milli təhlükəsizlik sisteminin modernləşdirilməsi və transmilli korporasiyalarla əməkdaşlığın rolu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti, ADA Universitetinin professoru Təbriz Raufoğlu ilə müsahibəni təqdim edir.

-Sizcə, qlobal miqyasda hibrid təhdidlərin artmasına səbəb olan əsas faktorlar hansılardır və bu, Azərbaycan üçün hansı strateji çağırışlar yaradır?

-Qlobal miqyasda hibrid təhdidlərin artmasının əsas səbəbləri həm geosiyasi, həm də texnoloji dəyişikliklərdən qaynaqlanır. Dünyada böyük güc mərkəzləri - ABŞ və Çin, NATO və Rusiya kimi qütblər arasında rəqabət sərtləşdikcə, açıq müharibə riski artdıqca dövlətlər dolayı mübarizə üsullarına üstünlük verirlər. Bu üsullar kiberhücumlar, iqtisadi təzyiq mexanizmləri, informasiya manipulyasiyaları, proksi aktorlar vasitəsilə yönləndirilən təxribatlar, psixoloji təsir kampaniyaları və dezinformasiya əməliyyatlarını əhatə edir. Bütün bu vasitələrin kompleks şəkildə tətbiqi hibrid təhdidlərin mahiyyətini formalaşdırır.

Texnologiyanın sürətlə inkişafı bu riskləri daha da gücləndirir. Bir vaxtlar ancaq dövlətlərin əlində olan yüksək səviyyəli kibersilahlar və süni intellekt əsaslı hücum alətləri bu gün qeyri-dövlət aktorları, kriminal qruplar və hətta fərdi haker qrupları tərəfindən də istifadə olunur. Sosial şəbəkələr isə qlobal informasiya mühitini tam transformasiya edərək saxta xəbərlərin, “deepfake” materialların, manipulyativ narrativlərin sürətlə yayılmasını asanlaşdırır. Bu isə informasiya mühitində qütbləşməni artırır və ictimai rəyi daha həssas və təsirə açıq vəziyyətə gətirir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi hibrid müharibənin regionda real təzahürünün ən bariz nümunəsidir. Müharibə yalnız döyüş meydanlarında deyil paralel olaraq informasiya məkanında, sosial şəbəkələrdə, kibersahədə və psixoloji müstəvidə çoxşaxəli hibrid əməliyyatlarla müşahidə olundu. Müharibənin ilk günlərindən etibarən müxtəlif platformalarda saxta videolar, manipulyativ fotolar, “deepfake” tərkibli materiallar, uydurma məlumatlar yayılaraq beynəlxalq rəyə təsir göstərmək cəhdləri artırdı. Azərbaycanın dövlət qurumlarına və media resurslarına qarşı kiberhücumlar intensivləşdi, bəzi qruplar koordinasiyalı bot şəbəkələri vasitəsilə panika yaratmağa, cəmiyyətin döyüş ruhunu sarsıtmağa çalışırdı.

Bu təcrübə göstərdi ki, müasir müharibələr təkcə fiziki əməliyyatlarla məhdudlaşmır, informasiya, kiber və psixoloji cəbhələr hərbi əməliyyatlar qədər həlledici rol oynayır. İnformasiya üstünlüyü bəzən əməliyyat üstünlüyünün tamamlayıcı faktoru kimi çıxış edir və strateji kommunikasiya dövlət təhlükəsizliyinin ayrılmaz komponentinə çevrilir. Bütün bu amillər Azərbaycan üçün ciddi strateji çağırışlar yaradır:

Birincisi, ölkə mühüm enerji və nəqliyyat layihələrinin kəsişməsində yerləşdiyindən Cənub Qaz Dəhlizi, TANAP, BTQ və digər infrastruktur obyektlərinə yönəlmiş kiberhücumlar kritik risk yarada bilər. Bu sistemlərin təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.

İkincisi, postmünaqişə dövründə informasiya müharibəsinin intensivliyi azalmayıb, əksinə daha mürəkkəb formada davam edir. Xarici aktorlar tərəfindən sosial sabitliyi hədəfləyən psixoloji təsir kampaniyaları ölkənin daxili harmoniyasını manipulyasiya etmək üçün istifadə oluna bilər.

Üçüncüsü, hibrid təhdidlərin çoxşaxəli və sürətlə dəyişən xarakteri Azərbaycanı daha çevik, adaptiv və çoxsəviyyəli müdafiə strategiyası formalaşdırmağa məcbur edir. Strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibermüdafiə və ictimai dayanıqlığın artırılması bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

Nəticə etibarilə, hibrid təhlükələr qlobal və regional səviyyədə yeni təhlükəsizlik müstəvisini formalaşdırır və Azərbaycan bu şəraitdə öz müdafiə və təhlükəsizlik siyasətini daha çoxşaxəli, analitik və qabaqlayıcı yanaşma əsasında qurmalıdır.

- Hibrid təhdidlər informasiya müharibəsi dövründə Azərbaycanın beynəlxalq imicinə necə təsir göstərə bilər və bu sahədə ən effektiv əks-tədbirlər hansılardır?

- Hibrid təhdidlərin ən mühüm istiqamətlərindən biri informasiya müharibəsidir və bu müstəvi birbaşa Azərbaycanın beynəlxalq imicinə təsir göstərən həlledici amildir. Müxtəlif aktorlar Azərbaycanın regional siyasətini təhrif olunmuş formada təqdim etməyə, ölkəni beynəlxalq enerji və nəqliyyat əməkdaşlığında etibarsız tərəfdaş kimi göstərməyə çalışa bilərlər. İnformasiya manipulyasiyalarının məqsədi yalnız yanlış rəy formalaşdırmaq deyil, həm də Azərbaycanın strateji layihələrinə, diplomatik əlaqələrinə və siyasi mövqelərinə zərbə vurmaqdır.

Bu təzyiqlərə qarşı ən səmərəli müdafiə mexanizmlərindən biri dövlət səviyyəsində strateji kommunikasiya sisteminin gücləndirilməsidir. Strateji kommunikasiya təkcə operativ məlumatlandırma deyil, eləcə də dövlət qurumları arasında koordinasiyanın artırılması, informasiya axınının insan hüquqları və beynəlxalq öhdəliklər nəzərə alınmaqla tənzimlənməsi, eləcə də dezinformasiya ilə mübarizənin institusional əsaslarının möhkəmləndirilməsini nəzərdə tutur.

Süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi troll şəbəkələrinin, saxta hesabların, manipulyativ kontent və koordinasiyalı dezinformasiya kampaniyalarının erkən aşkarlanmasına şərait yaradır. Bu isə dövlətin informasiya təhlükəsizliyi imkanlarını ciddi şəkildə gücləndirir. Eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşlarla - NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və digər qurumlarla əməkdaşlığı qarşılıqlı müdafiə və kiber təhlükəsizlik sahəsində institusional imkanları artırır.

Cəmiyyətin media savadlılığının artırılması informasiya müharibəsinə qarşı ən mühüm həll yollarından biridir. Dezinformasiya yalnız informasiya boşluğunun mövcud olduğu mühitlərdə təsirli olur. Məlumatlı, analitik düşüncə qabiliyyətinə malik bir cəmiyyət isə hibrid təsir alətlərinə qarşı daha dayanıqlı olur.

Hibrid təhdidlərlə bağlı son illərdə ölkəmizdə aparılan işləri xüsusi qeyd etmək lazımdır. Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”sının fəaliyyəti sayəsində ölkəyə qarşı aparılan dezinformasiya kampaniyalarının aşkarlanması, hibrid təsir alətlərinin araşdırılması və qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. Komissiyanın fəaliyyəti aidiyyəti dövlət qurumları və Milli Məclisin müvafiq komitələri ilə sıx koordinasiya şəraitində həyata keçirilir və bu, institusional davamlılığı gücləndirir.

Bütün bu mexanizmlər birlikdə Azərbaycanın informasiya təhlükəsizliyi arxitekturasını gücləndirir, hibrid təhdidlərə qarşı dayanıqlığını artırır və dövlətin beynəlxalq imicinin obyektiv şəkildə qorunmasına xidmət edir.

- Azərbaycan hibrid təhdidlərə qarşı milli təhlükəsizlik sistemində kibermüdafiə, kritik infrastrukturun qorunması və hüquqi çərçivələrin təkmilləşdirilməsi sahəsində hansı prioritetləri müəyyənləşdirməlidir?

- Azərbaycanın hibrid təhdidlərə qarşı milli təhlükəsizlik sistemini gücləndirməsi üçün başlıca prioritetlər kibermüdafiənin təkmilləşdirilməsi, kritik infrastrukturun davamlılığının təmin edilməsi və müasir hüquqi çərçivələrin yenilənməsi ilə bağlıdır. Bu üç istiqamət ölkənin təhlükəsizlik arxitekturasında qarşılıqlı şəkildə tamamlayıcı rol oynayır və hibrid mühitdə dayanıqlılığın əsasını təşkil edir.

Kibertəhlükəsizlik sahəsində prioritet, ilk növbədə, dövlətin monitorinq və operativ reaksiya imkanlarının genişləndirilməsidir. Ölkədə fəaliyyət göstərən CERT-lərin və müasir SOC mərkəzlərinin daha çox avtomatlaşdırılmış analitika ilə təchiz edilməsi, təhdidlərin real vaxtda aşkarlanmasını təmin edən texnoloji sistemlərin tətbiqi, həmçinin kiberhadisələrdən bərpa prosedurlarının modernləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, süni intellekt əsaslı hücumların artdığı müasir dövrdə AI dəstəyi olmadan səmərəli müdafiə qurmaq mümkün deyil. Bu səbəbdən süni intellekt əsasında çalışan monitorinq və analitika platformalarının tətbiqi dövlətin kibermüdafiə qabiliyyətinin əsas elementlərindən biri olmalıdır.

Hibrid təhlükələrin digər əsas komponenti kritik infrastrukturun mühafizəsidir. Enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və su təchizatı kimi sahələr Azərbaycanın regional və qlobal rolunun strateji dayaqlarıdır. Bu infrastrukturun təhlükəsizliyi təkcə fiziki mühafizə ilə məhdudlaşmır, kibertəhlükələrə qarşı da davamlı müdafiə sistemlərinin qurulması tələb olunur. İnfrastruktur operatorlarının beynəlxalq təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərməsi, dövlət və özəl sektor arasında real vaxtda məlumat mübadiləsinin təmin edilməsi, mümkün hücumlara qarşı vahid erkən xəbərdarlıq sisteminin yaradılması bu istiqamətdə ən vacib prioritetlər sırasındadır.

Kritik informasiya infrastrukturuna nəzarət səlahiyyəti əsasən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) məxsusdur. Dövlət orqanları üzrə bu proses Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirilir. Bundan əlavə, reyestrin operatoru qismində DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzi müəyyən edilib. Bu reyestr kritik obyektlər barədə məlumatların mərkəzləşdirilmiş toplanması, monitorinq, audit və nəzarət proseslərinin koordinasiyası üçün əsas platforma funksiyasını daşıyır.

Hibrid təhdidlərə qarşı daha səmərəli mübarizə üçün hüquqi çərçivələrin təkmilləşdirilməsi də xüsusi önəm kəsb edir. Bu istiqamətdə prioritet hibrid təhlükələrin bütün elementlərini vahid təhlükəsizlik sisteminə inteqrasiya edən müasir qanunvericiliyin formalaşdırılmasıdır. Kibercinayətlərə qarşı sanksiyaların sərtləşdirilməsi, transsərhəd kiberhücumlarla bağlı beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığını tənzimləyən hüquqi mexanizmlərin gücləndirilməsi Azərbaycanın hibrid mühitdə müqavimətini artıran əsas addımlar sırasındadır.

- Transmilli internet korporasiyaları hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizədə hansı rolu oynayır?

- Müasir informasiya ekosistemi əsas etibarilə transmilli internet korporasiyaları tərəfindən idarə olunduğu üçün onların hibrid təhdidlərə qarşı rolu həlledici xarakter daşıyır. Sosial şəbəkə operatorları, qlobal axtarış sistemləri, bulud xidmətləri və rəqəmsal platformalar dezinformasiyanın yayılmasına qarşı mübarizədə süni intellekt əsaslı alətlərdən geniş istifadə edirlər. Bu şirkətlər saxta hesabları, koordinasiya olunmuş manipulyativ fəaliyyətləri, bot şəbəkələrini və məqsədli şəkildə yayılan yanlış məlumatları avtomatlaşdırılmış şəkildə aşkarlaya bilir.

Xüsusilə seçki dövrlərində bu platformaların rolu daha da artır. Onlar həm istifadəçiləri risklər barədə məlumatlandırır, həm də dövlət qurumları ilə əməkdaşlıq edərək yüksək riskli təsir kampaniyalarının qarşısını almağa çalışırlar. Bulud xidmətləri dövlət və özəl sektorun sistemlərini kiberhücumlara qarşı qorumaqla kritik infrastrukturun davamlılığını təmin edən mühüm müdafiə qatına çevrilir. Platformaların fakt-yoxlama təşkilatları ilə əməkdaşlıq etməsi, xəbərlərin mənbəyi və doğruluğu barədə əlavə məlumat təqdim etməsi isə informasiya mühitində şəffaflığı artırır.

Bu proses qlobal informasiya təhlükəsizliyini gücləndirsə də, eyni zamanda, transmilli korporasiyaların məsuliyyəti, şəffaflıq öhdəlikləri və tənzimləmə mexanizmləri ilə bağlı müzakirələri də gündəmdə saxlayır. Çünki bu platformalar həm təhlükəsizliyin qorunması, həm də fundamental azadlıqların təmin olunması baxımından balans tələb edən mürəkkəb bir mühitdə fəaliyyət göstərirlər.

Eyni zamanda transmilli internet korporasiyaları ilə hökumətlər arasında hüquqi və institusional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi qlobal, transsərhəd təhdidlərə qarşı koordinasiyalı müdafiə mexanizmlərinin yaradılmasına imkan verir. Nəticə etibarilə, bu şirkətlər informasiya təhlükəsizliyi sisteminin passiv texniki tərəfi deyil, hibrid təhdidlərə qarşı mübarizədə strateji aktor kimi çıxış edirlər.

- Hibrid təhdidlərə qarşı cəmiyyətin müqavimətini necə artırmaq olar?

- Cəmiyyətin hibrid təhdidlərə qarşı dayanıqlığı birbaşa informasiya mühitinin sağlamlığı ilə bağlıdır. İnsanlar saxta xəbərləri, manipulyativ məzmunu, psixoloji təsir üsullarını tanımaq bacarığına malik olduqda, dezinformasiya kampaniyalarının effektivliyi ciddi şəkildə azalır. Bu səbəbdən təhsil müəssisələrində media savadlılığının artırılması, ictimaiyyət üçün maarifləndirmə proqramlarının təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Cəmiyyət daxilində sosial birliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai institutlara inamın gücləndirilməsi hibrid əməliyyatlara qarşı təbii müdafiə səddi yaradır. Eyni zamanda, müstəqil və etibarlı media qurumlarının inkişafı informasiya manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynayır, çünki müxtəlif və güvənilən informasiya resursları dezinformasiyanın yayılma riskini azaldır.

QHT-lərin, akademik təsisatların və vətəndaş cəmiyyətinin fəal iştirakı da hibrid təhdidlərə qarşı cəmiyyəti daha hazırlıqlı edir. Onların apardığı araşdırmalar, ictimai müzakirələr, təlimlər, maarifləndirmə təşəbbüsləri cəmiyyətin informasiya bacarıqlarını inkişaf etdirir və manipulyasiya risklərini azaldır.

Məhz bu istiqamətdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi uğurla icra edilib. Layihə çərçivəsində vətəndaş cəmiyyəti institutları, akademik mərkəzlər və dövlət strukturları bir araya gələrək elmi araşdırmalar aparıb, əldə olunmuş datalar əsasında geniş maarifləndirmə kampaniyaları və təlimlər təşkil edib. Ümumilikdə 500-dən çox şəxs layihənin tədbirlərində iştirak edib ki, bu da cəmiyyətin hibrid təhdidlərə qarşı hazırlığının real şəkildə artırılmasına mühüm töhfədir.

Layihə çərçivəsində aparılan təhlil göstərdi ki, hibrid təhdidlər qlobal səviyyədə geosiyasi rəqabətin kəskinləşməsi, informasiya ekosisteminin sürətlənməsi və texnoloji transformasiyanın dərinləşməsi fonunda daha mürəkkəb xarakter alır. Kibermühitin asimmetrik imkanlar yaratması, sosial medianın manipulyativ təsir gücü və qeyri-dövlət aktorlarının artan rolu dövlətlər üçün yeni təhlükələr meydana gətirir.

Bu şəraitdə effektiv müdafiə strateji kommunikasiya, süni intellekt əsaslı monitorinq sistemləri, beynəlxalq əməkdaşlıq, həmçinin cəmiyyətin media savadlılığının artırılması ilə mümkündür. Milli təhlükəsizlik arxitekturasının təkmilləşdirilməsi isə kibermüdafiə qabiliyyətlərinin gücləndirilməsi, kritik infrastrukturun hüquqi və texniki mühafizəsinin artırılması, institusional koordinasiyanın genişləndirilməsi və müasir qanunvericiliyin formalaşdırılması ilə birbaşa əlaqəlidir.

Ümumilikdə hibrid təhdidlərə qarşı effektiv mübarizə yalnız dövlətin deyil, həm də özəl sektorun, transmilli internet korporasiyalarının və ictimai institutların koordinasiyalı fəaliyyətini tələb edir. Bu isə Azərbaycanın gələcək milli təhlükəsizlik sistemində kompleks və çoxsəviyyəli yanaşmanın zəruriliyini bir daha təsdiqləyir.