Ukraynada baş verən münaqişə qlobal ərzaq bazarlarında dərin təlatümlər yaradaraq, ərzaq təhlükəsizliyinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu bir daha ön plana çıxarıb. Taxıl tədarük zəncirlərinin pozulması, qiymətlərin kəskin artımı və iqlim dəyişikliyinin təsirləri, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün riskləri daha da artırıb. Belə bir mürəkkəb şəraitdə beynəlxalq əməkdaşlıq, innovativ yanaşmalar və regional potensiallardan səmərəli istifadə qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan həm strateji coğrafi mövqeyi, həm də geniş kənd təsərrüfatı resursları ilə diqqət mərkəzinə çıxır. İşğaldan azad edilmiş ərazilərin bərpası, kiçik və orta fermer təsərrüfatlarının üstünlük təşkil etdiyi aqrar struktur, eləcə də Avropa və beynəlxalq tərəfdaşlarla artan əməkdaşlıq imkanları ölkənin regional və qlobal ərzaq təhlükəsizliyi gündəliyində rolunu gücləndirir.
Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüsün katibi Conrad Reinin AZƏRTAC-a müsahibəsində qlobal ərzaq təhlükəsizliyi mənzərəsi, Ukrayna münaqişəsinin təsirləri, eləcə də Azərbaycanın bu çağırışlar fonunda oynaya biləcəyi rol, beynəlxalq təşəbbüslər, investisiya imkanları və kənd təsərrüfatının davamlı inkişaf perspektivləri ətraflı şəkildə müzakirə olunur.
- İşğaldan azad olunmuş Qarabağın tarixi olaraq üzümçülük, şərabçılıq, taxılçılıq, meyvəçilik və pambıqçılıq zonası olması nəzərə alınsa, bu ərazilərdə müasir texnologiyalar və davamlı praktikalar əsasında kənd təsərrüfatını bərpa etmək üçün hansı beynəlxalq əməkdaşlıq və investisiya imkanları mövcuddur?
- Burada iki əsas istiqamət ön plana çıxır. Birincisi, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı üzrə İnnovasiya Komissiyasının nəticələri əsasında formalaşan və təsir imkanlarını sübut etmiş innovasiyaların geniş miqyasda tətbiqidir. Bu, yağış sularının toplanması üzrə təlimlərdən tutmuş məlumat əsaslı proqnozlaşdırma sistemlərinə qədər müxtəlif həllərdir. Bu yeniliklərin bir çoxu onsuz da mövcuddur və məqsəd onları səmərəli şəkildə genişləndirməkdir.
İkincisi, özəl sektorla əməkdaşlıqdır. Qlobal təşəbbüsün əsas dayaq nöqtələrindən biri məhz özəl sektorun prosesə cəlb edilməsidir. Bu təşəbbüsə artıq böyük çoxmillətli şirkətlər qoşulub. Biz, həmçinin Azərbaycan şirkətləri ilə işləməyə və onları bu prosesə inteqrasiya etməyə böyük maraq göstəririk. Çünki kənd təsərrüfatının əsası kiçik fermerlərdir və onların dəstəklənməsi əsas hədəflərimizdən biridir.
- Azərbaycanın 4,8 milyon hektar kənd təsərrüfatı torpağı var. Beynəlxalq əməkdaşlıq və Avropa, xüsusilə İtaliya investisiyaları bu potensialın ərzaq təhlükəsizliyi və ixrac imkanları baxımından açılmasına necə kömək edə bilər?
- Qlobal təşəbbüs hazırda böyük beynəlxalq dinamika qazanıb və biz Afrika Buynuzu ölkələri ilə işə başlamışıq. Avropa Komissiyası və İtaliya hökuməti ilə müəyyən təşəbbüslər üzrə müzakirələr aparmışıq. Biz yaxın aylarda Azərbaycanla birgə xüsusi layihələri həyata keçirə biləcəyimizi müəyyənləşdirməkdə çox maraqlıyıq. Məqsəd Avropa İttifaqı və İtaliya kimi tərəfdaşların bu prosesə cəlb olunması və Azərbaycanda konkret kənd təsərrüfatı layihələrinin reallaşdırılmasıdır.
- Azərbaycan kənd təsərrüfatının 90 faizi kiçik və orta fermer təsərrüfatlarının payına düşür. Bu təsərrüfatların rəqabət qabiliyyətini artırmaq, səmərəliliyi yüksəltmək və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün hansı maliyyə mexanizmləri daha effektli ola bilər?
- Qlobal təşəbbüs çərçivəsində müxtəlif maliyyə alətlərindən istifadə mümkündür. Qrantlar, kreditlər, həmçinin startap və kiçik müəssisələrin dəstəklənməsinə yönəlmiş yeni mexanizmlər nəzərdə tutulur. Biz məhdud bir modelə bağlı deyilik. Konkret layihə üzrə detallı müzakirələr aparıldıqdan sonra ən uyğun mexanizmi seçmək mümkündür.
- Azərbaycanın yüksək keyfiyyətli meyvə, tərəvəz və heyvandarlıq potensialı nəzərə alınsa, Avropa İttifaqı və digər beynəlxalq bazarlara çıxış üçün hansı investisiyalar, tərəfdaşlıqlar tələb olunur və Avropa ölkələri bu prosesdə necə rol oynaya bilər?
- Burada əsas məsələ fermerlərin beynəlxalq tələblər barədə məlumatlandırılmasıdır. Biz bunun üçün xüsusi təlim proqramlarının yaradılmasını təklif edirik. Hazırda oxşar proqramı Cənubi Afrika hökuməti ilə müzakirə edirik və bu modeli Azərbaycan üçün də tətbiq etmək mümkündür. Çünki fermerlər üçün ən vacib məsələ bazarlara çıxış imkanıdır. Bu istiqamətdə Afrika İnkişaf Bankı ilə də əməkdaşlıq aparırıq və oxşar mexanizmləri Azərbaycan üçün də qurmağa hazırıq.