Azərbaycan-Qazaxıstan əməkdaşlığı nəticəsində hər iki ölkə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq

Son illər Azərbaycan ilə Mərkəzi Asiya respublikaları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu respublikalar arasında Qazaxıstan öz potensialı və iqtisadi inkişaf trayektoriyası ilə seçilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanı da təsadüfi xarakter daşımır.

AZƏRTAC xəbər verir ki, bu gün hər iki dövlətin iştirak etdiyi ambisiyalı layihələrdən biri “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”dir.

Bu layihəyə əsasən Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerji Azərbaycandan tranzit keçməklə Avropaya ixrac olunacaq. Bu barədə ilkin sənəd 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində imzalanıb.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Artıq Avropanın 14 dövlətinə Azərbaycanın təbii qazı ixrac olunur. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” isə təkcə Azərbaycanın deyil, eyni zamanda Mərkəzi Asiyanın da enerji ixracında tranzit rolunu oynamaqla daha əhəmiyyətli tərəfdaşa çevriləcək.

Bəs Qazaxıstanın yaşıl enerji potensialı nə qədərdir?

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, Qazaxıstanın Canbul, Türküstan, Alma-Ata, Karaqanda, Akmolinsk vilayətləri külək, günəş və su elektrik stansiyalarının tikintisi üçün çox əlverişlidir. Qazaxıstan parlamenti 2009-cu ildə alternativ enerjiyə keçidlə bağlı qanun qəbul edib və buna uyğun olaraq hökumət yaşıl enerjiyə transformasiya üçün “Qazaxıstanın strategiyası-2050” məqsədini müəyyənləşdirib. Bu məqsədə görə ölkə enerji bazarında alternativ və bərpaolunan (ABE) enerjinin payını 2030-cu ilə kimi 15, 2050-ci ilə kimi isə 50 faiz artırmaqdan ibarətdir.

Hazırda respublikada 148 bərpaolunan enerji obyekti fəaliyyət göstərir ki bunlardan da 59-u külək, 46-sı günəş, 40-ı su, bioqaz elektrik stansiyalarıdır. 2024-cü ilin birinci yarısında yuxarıda göstərilən obyektlərdə 3,896 milyard kilovatt-saat elektrik enerjisi istehsal olunub ki, bu ölkə üzrə ümumi enerji istehsalının 6,47 faizini təşkil edib. Bərpaolunan enerji mənbələri üzrə 50 layihənin həyata keçirilməsi planlaşdırılıb ki, həmin layihələr üzrə 1231 meqavatt elektrik enerjisi istehsal ediləcək.

BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin Şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğu qənaətindədirlər.

Qazaxıstan hökuməti 2030-cu ilədək ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat-saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlər aparılır. Bununla yanaşı, ölkənin dağlıq ərazilərindəki çaylar üzərində 65 milyard kilovat-saat istehsal gücü olan kiçik su elektrik stansiyaları tikmək imkanı var. Qazaxıstanda ildə 3000 saat günəş işığının olması irihəcmli günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard giqavat-saat günəş enerjisi istehsalı potensialı var.

Böyük yaşıl enerji potensialına sahib olan Qazaxıstan daxili tələbatını ödəməklə yanaşı enerji ixrac etmək imkanına da malikdir. Qazaxıstan ilə yanaşı Mərkəzi Asiyanın digər respublikalarının da alternativ və bərpaolunan enerji potensialı var. Bütün bunlar “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin formalaşmasını zərurətə çevirib.

Azərbaycanda yaşıl enerji potensialı

Bərpaolunan enerji mənbələri üzrə Azərbaycanda ümumi gücü 1829,6 meqavatt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 meqavatt gücündə 65 su elektrik stansiyası, 63,5 meqavatt gücündə 5 külək elektrik stansiyası, 278,2 meqavatt gücündə 9 Günəş elektrik stansiyası, 37 meqavatt gücündə bioelektrik stansiyası və 7,3 meqavatt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpaolunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8 faizini təşkil edir. 2027-ci ilədək ümumi gücü 2 giqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və Günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan-Qazaxıstan əməkdaşlığı nəticəsində hər iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayaraq iqtisadi dividentlə yanaşı siyasi zəmanət də qazanacaq.