Azərbaycanın yerləşdiyi təbii-coğrafi şərait imkan verir ki, həm yazda, həm də payızda Azərbaycan ərazisindən müxtəlif ekoloji qruplara aid olan quşlar miqrasiya etsin. Həm şimaldan-cənuba, həm qərbdən-şərqə doğru quşların böyük əksəriyyəti Azərbaycan ərazisinə miqrasiya edir. İndiyədək aparılan tədqiqatlar nəticəsinə əsasən hər il təxminən 10 milyondan çox müxtəlif ekoloji qruplara aid olan quş Azərbaycan ərazisinə miqrasiya edir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan ərazisi unikal olduğundan bura qışlama dövründə şimal ölkələrindən qışlamağa quşlar gəlir, yaz-yay aylarında isə Cənub-Şərqi Asiya, Afrika ölkələrindən nəsil vermək üçün quşlar miqrasiya edir. Uzun illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quşların həm qışlama, həm də reproduksiya dövründə sayılması prosesi həyata keçirilib. Ölkəmizə miqrasiya edən quşların böyük əksəriyyəti su-bataqlıq quşlarıdır. Bunlar arasında daha çox qazkimilər dəstəsinə aid ördəklər fəsiləsinə aid növlər üstünlük təşkil edir. Ümumilikdə şimal qonşularımızdan ölkəmizə gələn köçəri quşların sayı daha çoxdur, nəinki Cənub Şərqi Asiyadan Afrikadan ölkəmizə nəsil verməyə gələn quşların sayı.
Hər il ölkəmizə miqrasiya edən quşlar arasında Azərbaycan faunasında yeni quş növlərinə rast gəlinir. Xüsusilə də cüllütlər və qağayılar fəsiləsinə aid olan bəzi yeni quş növləri Azərbaycan ərazisinə miqrasiya edirlər.
"Son illər iqlimdə baş verən dəyişikliklər quşların həm payız, həm də yaz köçündə müəyyən qədər miqrasiyaya təsir edir. Bütövlükdə qışlamağa gələn quşların sayında azalma müşahidə olunur. Hazırda payız köç dövrüdür. Yəni Şimali Avropa, Mərkəzi Avropa, Rusiya, həm də Qazaxıstanın şimalından bir çox quş növü Azərbaycana doğru cənuba doğru miqrasiya edir. Bəziləri miqrasiya yolu ilə bizim ərazidən keçir, qısa yaxud müvəqqəti dayanır. Bəziləri isə bizim ərazidə qışlamanı keçirirlər.
Şimaldan Azərbaycana miqrasiya edən quşların sayı şimalda düşən soyuqla birbaşa əlaqədardır. Yəni şimalda soyuqlar düşübsə, qar, çovğun, yaxud şaxtalar baş verirsə, bir çox ekoloji qrupa aid olan quşlar cənuba doğru miqrasiya edir. Qazaxıstanda, Rusiyada, Şimali və Mərkəzi Avropa ölkələrində, Şimali Qafqazda soyuqlar düşsə də quşlar ola bilsin ki, hələ miqrasiya yolunda gəlib bizə çatmayıb. Çünki hava hələ isti keçir və onlar həmin ərazilərdə müvəqqəti qışlayırlar.
Miqrasiyanın baş vermə səbəblərinə gəlincə, iki yanaşma var. Birincisi, payız aylarında günün uzunluğunun azalmasını bioloji saatla avtomatik hiss edən quşlar miqrasiya edirlər. İkinci yanaşma onların yaşadıqları ərazidə soyuqların düşməsi, qida çatışmazlığı problemidir. Çatışmazlığı aradan qaldırmaq üçün onların həyatında belə mövsümi dəyişikliklər olur. Quşlar soyuqdan qorunmaq, qida əldə etmək üçün cənubdakı ölkələrə miqrasiya edir", - deyə Ə.Tağıyev bildirib.