“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə media nümayəndələri üçün Respublika Velotrekində mediatur təşkil olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərovun sədrliyi ilə gerçəkləşən iclasda turnirə hazırlıq işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, turnir 5 mərhələdən ibarət olacaq və velosipedçilər 21 şəhər və rayondan keçəcəklər.

Sonra yarışının loqosunun təqdimatı olub. Sonsuzluq işarəsi formasında olan loqo üç variantda nümayiş etdirilib.

S. Ələkbərov yarışın kifayət qədər mürəkkəb keçəcəyini deyib. Onun sözlərinə görə, turnirlə bağlı əsas məsələ təhlükəsizliklə əlaqəlidir və bu, tam şəkildə təmin olunacaq. İdman tədbirinin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aid olduğunu vurğulayan AzVİF rəsmisi 21 komandanın turnir üçün iştirakını təsdiqlədiyini, 20-yə yaxın komandanın isə iştirak üçün müraciət etdiyini qeyd edib. O, yanvar ayına qədər bir çox məsələnin öz həllini tapacağını diqqətə çatdırıb.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.