Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Nazirlər Şurası üzv dövlətlərin təhlükəsizlik və sabitliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini, o cümlədən İranın Körfəz ölkələrinə qarşı əsassız təcavüzünə cavab tədbirləri görəcəyini təsdiqləyib.
AZƏRTAC Səudiyyə Ərəbistanının mediasına istinadla xəbər verir ki, Şura bazar günü videokonfrans vasitəsilə 50-ci fövqəladə iclasını keçirib. İclas Bəhreynin xarici işlər naziri və Nazirlər Şurasının hazırkı sədri Əbdüllətif əz-Zəyaninin sədrliyi ilə baş tutub.
İclasda BƏƏ-nin dövlət naziri Xəlifə Şahin Əl-Mərar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, Omanın xarici işlər naziri Bədr Əl-Busaidi, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Əl-Sani, Küveytin xarici işlər naziri Şeyx Cərrah Əl-Cabir əs-Sabah və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi iştirak ediblər.
Şura İranın fevralın 28-də başlayan BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyti hədəf alan raket və dron hücumlarını müzakirə etmək üçün toplanıb.
Nazirlər mülki obyektlərə, xidmət sahələrinə və yaşayış məntəqələrinə edilən hücumların maddi itkilərə səbəb olması, vətəndaşların və sakinlərin təhlükəsizliyinə təhdid yaratması nəticəsində dəyən ciddi ziyanı nəzərdən keçiriblər. Həmçinin bölgədə təhlükəsizliyin, sabitliyin və sülhün bərpasına yönəlmiş səylərin əlaqələndirilməsi üçün atılacaq addımları müzakirə edilib.
Şura KƏŞ dövlətlərinə və İordaniyaya edilən hücumları qətiyyətlə pisləyib və onları suverenliyin, mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulması kimi xarakterizə edib. Mülki şəxslərin və infrastrukturun hədəf alınmasının beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğu vurğulanıb.
Şura, həmçinin KƏŞ ölkələrinin təhlükəsizliyinin ortaq məqsəd olduğunu bəyan edib, KƏŞ Nizamnaməsinə və Birgə Müdafiə Sazişinə uyğun olaraq üzv dövlətlər arasında tam həmrəyliyi təsdiqləyib.
Bununla yanaşı, Şura beynəlxalq ictimaiyyəti hücumları pisləməyə çağırıb, BMT Təhlükəsizlik Şurasını regional və beynəlxalq sülhü təhdid edən daha çox pozuntuların qarşısını almaq üçün qətiyyətli, təcili mövqe tutaraq məsuliyyəti öz üzərinə götürməyə dəvət edib. İclasda İranın hücumlarını pisləyən ölkələrə minnətdarlıq ifadə olunub.
Şura KƏŞ ölkələrinin İranla dialoq və danışıqları ardıcıl olaraq dəstəklədiyini bir daha təsdiqləyib, Omanın vasitəçilik səylərində rolunu yüksək qiymətləndirib, habelə böhranın həlli, regional və beynəlxalq sabitliyin qorunması üçün diplomatiyanın yeganə yol olaraq qaldığını vurğulayıb.