Fransanın flaqman aviadaşıyıcısı olan “Şarl de Qoll” təyyarədaşıyıcı gəmisinin Aralıq dənizinə istiqamətləndirilməsi barədə xəbərlər təkzib edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı təkzib bəyanatı Fransa Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Fransanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyıcısının Baltik dənizindəki tapşırığını yarımçıq dayandıraraq Aralıq dənizinə istiqamətləndirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Belə ki, BFMTV telekanalı iddia etmişdi ki, “Şarl de Qoll” və onu müşayiət edən gəmilər Baltik dənizindəki missiyanı dayandıraraq Aralıq dənizinə doğru hərəkət edib.
Bu iddialar ABŞ və İsrailin İrana qarşı zərbələr endirdiyi, İranın isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra ölkələrə, o cümlədən Qətər, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyndəki hədəflərə hücum etdiyi bir vaxta təsadüf edib.