Gürcüstan Hökuməti Yaxın Şərqdəki vəziyyətdən narahatdır

Gürcüstan Hökuməti Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Yaxın Şərqdə baş verənlərdən narahatlıq ifadə olunur.

Bəyanatda deyilir ki, Gürcüstan Hökuməti Yaxın Şərqdə davam edən və istisnasız olaraq regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təhdid edən hərbi əməliyyatları dərin narahatlıqla izləyir.

Hökumət yaxın gələcəkdə Yaxın Şərqdə sülhün bərpa olunacağına ümid edir.

“Davam edən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın, o cümlədən Ali Rəhbərin, digər siyasi liderlərin, günahsız insanların və onlarla uşağın həyatını itirdiyi İran xalqına və İran İslam Respublikasına başsağlığı veririk. Hərbi əməliyyatlar nəticəsində mülki şəxslərin itkisinə görə dost yəhudi xalqına və İsrailə başsağlığı veririk. Gürcüstan Hökuməti görkəmli tərəfdaşlığı olan körfəz ölkələri ilə tam həmrəyliyini ifadə edir”, - deyə sənəddə bildirilir.

Bəyanatda, həmçinin deyilir: “Ümid edirik ki, yaxın gələcəkdə Yaxın Şərqdə sülh bərpa olunacaq və bunun üçün hərbi əməliyyatlar diplomatiya və siyasi dialoqla əvəz edilməlidir. Gürcüstan Hökuməti bölgədəki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və onların maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.