Çində yanacağın qiyməti artıb

Çində yanacağın topdan və pərakəndə satış qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli İnkişaf və İslahat Komitəsi açıqlama yayıb.

Martın 10-da qüvvəyə minən qərara əsasən, benzinin bir tonunun qiyməti 695 yuan (təxminən 100 ABŞ dolları), dizel yanacağının qiyməti isə 670 yuan artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb.

Bundan başqa, yerli qurumlara süni qiymət artımına nəzarət etmək, bazar qaydalarını təmin etmək üçün qiymət siyasətini pozan fəaliyyətlərə qarşı sərt tədbirlər barədə göstəriş verilib. Komitə yanacağın qiymət artımını Yaxın Şərqdəki vəziyyətin qlobal enerji qiymətlərinə təsiri ilə əlaqələndirib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır. Çin ABŞ-dən sonra dünyada ən böyük yanacaq istehlakçısıdır.