Avropa İttifaqının atom energetikasının payının azaldılması Avropa üçün strateji səhv olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çərşənbə axşamı Fransada keçirilən nüvə energetikası üzrə sammitdə bəyan edib.
“1990-cı ildə Avropada elektrik enerjisinin üçdəbiri atom elektrik stansiyalarında istehsal olunurdu. Hazırda bu göstərici təxminən 15 faizdir. Atom energetikasının payının azaldılması düşünülmüş seçim idi və geriyə baxdıqda demək olar ki, Avropanın etibarlı və əlçatan aşağıkarbonlu enerji mənbəyindən imtina etməsi strateji səhv olub”, – deyə o bildirib.
Avropa Komissiyasının Prezidenti qeyd edib ki, Yaxın Şərqdə müharibə Avropanın enerji bazarının həssaslığını və onun fosil yanacaqlardan asılılığını üzə çıxarıb.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası kiçik modul reaktorlarla bağlı yeni Avropa strategiyası təklif edir. Bu reaktorların Avropada ən geci 2030-cu illərdə istismara verilməsi nəzərdə tutulur. “Ekstra Bladet” yazır ki, bunlar ölçülərinə görə daha kiçik, zavod şəraitində istehsal olunan nüvə enerji reaktorlarıdır və müəlliflərin fikrincə, ənənəvi reaktorlardan daha qənaətcil və təhlükəsiz olacaq.
Fon der Lyayen bildirib ki, kiçik modul reaktorlar ənənəvi nüvə reaktorları ilə yanaşı “çevik, təhlükəsiz və səmərəli” Avropa enerji sistemində əsas rol oynamalıdır. Bu, həmçinin Aİ-nin fosil yanacaq idxalından asılılığını azaltmalıdır.
Bundan əlavə, Avropa İttifaqı innovativ nüvə texnologiyalarına investisiyaları dəstəkləmək üçün 200 milyon avro məbləğində zəmanət təqdim edəcək.