İranda 21,7 mindən çox qeyri-hərbi məkan vurulub - Qırmızı Aypara Cəmiyyəti

28 fevraldan etibarən ABŞ və İsrail tərəfindən İranda 21,7 mindən çox qeyri-hərbi məkan vurulub.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 17,3 min mənzil, 4,12 min ticarət obyekti və 160 müalicə mərkəzi vurulub.

Kulivənd bildirib ki, ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində 9 xəstəxana fəaliyyətini dayandırıb.

İranlı rəsmi qeyd edib ki, 69 məktəb, Qırmızı Aypara Cəmiyyətinin 16 mərkəzi, 21 xilasetmə avtomobili və 19 təcili yardım maşını vurulub.

 

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.