93 yaşlı Etyen Davinyon müharibə cinayətlərində, eləcə də qanunsuz saxlanma, ədalətli məhkəmə hüququnun pozulması və Konqolu müstəqillik liderinə qarşı alçaldıcı rəftar ittihamları ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, Belçika məhkəməsi keçmiş diplomat 1961-ci ildə Konqo Demokratik Respublikasının sabiq lideri Patris Lumumbanın qətlində ehtimal olunan roluna görə məhkəməyə verilməsinə qərar verib. Bu barədə yerli media məlumat yayıb.
Ölkənin ilk baş naziri olan Lumumbanın ailəsi məhkəmə qərarını alqışlayıb. Ailənin vəkili Kristof Marşand isə Belga agentliyinə açıqlamasında qərarı tarixi adlandırıb.
93 yaşlı Davinyon Lumumbanın saxlanılması və köçürülməsində iştirakda ittiham olunur, lakin məhkəmə iclasına qatılmayıb.
Keçmişdə Avropa Komissiyasının vitse-prezidenti olmuş Davinyon müharibə cinayətləri, eləcə də qanunsuz həbs, ədalətli məhkəmə hüququndan məhrum etmə və Lumumbaya qarşı alçaldıcı və qeyri-insani rəftar ittihamları ilə üzləşə bilər.
Patris Lumumba müstəqil Konqoya üç aydan az rəhbərlik edib. Daha sonra Belçikanın dəstəklədiyi separatçı qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb.1961-ci ilin yanvarında isə qətlə yetirilib.
2002-ci ildə Belçika Lumumbanın ölümündəki roluna görə rəsmi üzr istəyib. Bu addım onun ölümündən sonra cəsədinin təhqir olunması ilə bağlı faktların üzə çıxmasından sonra atılıb.
1999-cu ildə keçmiş belçikalı polis komissarı Jerar Sote qətldə iştirakını və Lumumbanın cəsədinin turşuda məhv edilməsini ictimai şəkildə etiraf etmişdi. O, həmçinin xatirə kimi qızıl diş və barmaq fraqmentləri saxladığını bildirmişdi.
Lumumbanın qalıqları nəhayət 2022-ci ilin iyununda, qətlindən 61 ildən çox vaxt keçdikdən sonra Belçika hakimiyyəti tərəfindən ailəsinə təhvil verilib və paytaxt Kinşasada dəfn olunub.
Brüsseldə keçirilən təhvilvermə mərasimində Belçikanın baş naziri Alexander De Kroo ölkəsinin Lumumbanın ölümündəki mənəvi məsuliyyətinə görə üzr istədiyini bəyan etmişdi.