Prezident Donald Trampın Hörmüz boğazının naviqasiya üçün açılmayacağı təqdirdə İranın enerji zavodlarını və neft quyularını məhv edəcəyi barədə xəbərdarlıq etməsindən sonra çərşənbə axşamı səhər saatlarında Dubay sahillərində tam yüklü xam neft tankeri hücuma məruz qalıb. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, İranın hücumu nəticəsində gəmidə güclü yanğın baş verib.
Küveyt bayrağı altında üzən “Əs-Salmi” gəmisinə edilən hücum ABŞ və İsrailin fevralın 28-də İrana hücum etməsindən bəri Hörmüz boğazında ticarət gəmilərinə raketlər və ya partlayıcı hava və dəniz dronları ilə edilən son hücumdur. Bir ay davam edən münaqişə Yaxın Şərqə yayılaraq minlərlə insanın ölümünə, enerji təchizatının pozulmasına və qlobal iqtisadiyyatın çökməsinə səbəb olub.
Hazırkı qiymətlərlə 200 milyon dollardan çox dəyərində təxminən 2 milyon barel neft daşıya bilən tankerə hücumdan sonra xam neftin qiymətləri yenidən qalxıb. Gəminin sahibi olan “Kuwait Petroleum Corp” hücumun çərşənbə axşamı səhər baş verdiyini, yanğına səbəb olduğunu və tankerin gövdəsinə ziyan vurduğunu bildirib.
Dubay hakimiyyəti tankerə dron hücumundan sonra yanğının nəzarət altına alındığını, neft sızmasının və heyət üzvlərinin xəsarət almadığını bildirib.
Neft və yanacaq qiymətlərinin kəskin şəkildə artması ABŞ ailələrinin maliyyə vəziyyətinə mənfi təsir göstərməyə davam edir. Qiymət izləmə xidməti “GasBuddy”nin məlumatları göstərir ki, ABŞ-də benzinin orta pərakəndə satış qiyməti bazar ertəsi günü üç ildən çox müddətdə ilk dəfə olaraq bir qallona görə 4 dolları keçib.