Fransada aparılan sosial sorğuya görə, ölkə əhalisinin təxminən yarısı həyatlarında irqçilik və ya diskriminasiya ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq İrqçilik və Antisemitizmə Qarşı Liqanın sifarişi əsasında Ifop tərəfindən aparılan sorğuda 14 mindən çox respondent iştirak edib.
Respondentlərin 46 faizi həyatları boyunca irqçi hücumlar və ya diskriminasiyaya məruz qaldığını qeyd edib. “Qara” və ya “ərəblər” kimi qəbul edilən şəxslərin 80 faizi belə təzyiqlərlə üzləşdiklərini bildiriblər.
Sorğuya qatılanların 52 faizi irqçi və dini diskriminasiyadan qorunmaq üçün riskli vəziyyətlərdən yayınma strategiyasına əl atıb. Respondentlərin 39 faizi bəzi küçələrdən və bölgələrdən uzaqlaşıb, 19 faizi mənşəyini gizlətmək üçün görünüşünü dəyişdirib, 19 faizi isə internet və sosial şəbəkələrdə mənşəyini gizlətməyə çalışıb. Bu strategiya yəhudi mənşəli fransızların 81 faizi, müsəlmanların 58 faizi və katoliklərin 54 faizi tərəfindən seçilib.
Etnik mənşəyinə görə “ərəblər” kimi qəbul edilənlərin 61 faizi, “qara” kimi qəbul edilənlərin isə 53 faizi eyni davranışı göstərib.
Fransa Daxili İşlər Nazirliyinin mart ayında açıqladığı hesabatına görə, 2025-ci ildə polis və jandarma xidmətləri irqçilik, ksenofobiya və dini zəmində 9 min 700-dən çox cinayət və hüquq pozuntusunu qeydə alıb. Bu, 2024-cü illə müqayisədə 5 faizlik artım deməkdir. 2016-2025-ci illər arasında bu növ halların illik orta artımı 7 faiz təşkil edib.