ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrini, eləcə də Amerika liderinə sadiq olmayan respublikaçıları İranla razılaşmanın əldə olunmasına mane olmaqda ittiham edib.
Trend xəbər verir ki, bu barədə, Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Yəni, dumokratlar ( Dumocrats - red) və vətənpərvərlikdən uzaq bəzi respublikaçılar anlamırlar ki, siyasi əlaltıları görünməmiş dərəcədə düşməncəsinə şəkildə daim "tvit ataraq", mənim daha sürətli və ya daha yavaş hərəkət etməli olduğumu, müharibəyə başlamalı və ya başlamamalı olduğumu və sair iddia etdikcə, işimi görmək və danışıqlar aparmaq mənim üçün nə qədər çətinləşir?” – deyə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.