Rubio: Çin İrana ABŞ-nin hərbi əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

Çin İrana ABŞ-nin hərbi əməliyyatlarına mane olacaq səviyyədə dəstək göstərmir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

“Çinin İrana bizim fəaliyyət imkanlarımızı məhdudlaşdıracaq hər hansı dəstək verdiyini düşünmürəm”, – deyə Rubio qeyd edib.

Onun sözlərinə görə, İranın arsenalında Çin istehsalı olan hərbi texnika mövcuddur. Bununla belə, ABŞ tərəfi Çinin təqdim etdiyi sistemlərin döyüş meydanında vəziyyətə əhəmiyyətli təsir göstərdiyinə dair hər hansı əlamət müşahidə etməyib.

Rubio əlavə edib ki, Pekin məsələyə müdaxilə etməkdə ehtiyatlı davranır. O, ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı qətnamə üzrə Çinin dəstəyinə ümid etdiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, sözügedən qətnamə Çinin maraqlarına da uyğundur. O qeyd edib ki, Rusiyanın mövqeyi fərqlidir və Moskva müxtəlif səbəblərdən bu sənədə qarşı çıxır.