Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Corc sentyabr ayından etibarən Eton Kollecində təhsil alacaq.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Kensinqton Sarayı məlumat yayıb. Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrinin böyük oğlu olan Corcun gələn ay 13 yaşı tamam olacaq. O, atası Şahzadə Uilyamın da təhsil aldığı Berkşirdə yerləşən nüfuzlu özəl məktəbə qəbul olunub. Məktəbdə illik təhsil haqqının təxminən 63 min funt sterlinq olduğu bildirilir.

Hazırda Britaniya taxt-tacına varislik sıralamasında ikinci yerdə olan Şahzadə Corcun Lambruk məktəbində təhsilini başa vurduqdan sonra hansı məktəbdə oxuyacağı ilə bağlı uzun müddətdir müzakirələr aparılırdı. XV əsrdə təsis edilmiş Eton Kolleci Böyük Britaniyanın ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunur. Bu məktəbin məzunları arasında 20 Britaniya Baş naziri yer alır.