Misirdə qədim məbədin xarabalığında mühüm memarlıq elementləri tapılıb

Misir cümə günü ölkənin qərb səhrasında – Bahariya oazisində yerləşən Əl-Qəsr Əl-Qədim (Köhnə Saray) məbədində böyük bir arxeoloji kəşfi elan edib. Bu kəşf, təxminən 2500 il əvvələ aid 26-cı sülaləyə (e.ə. 664-525) aid əhəmiyyətli memarlıq elementlərindən ibarətdir.

AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Misir Turizm və Qədim Əşyalar Nazirliyinin məlumatına görə, Qədim Əşyalar Ali Şurasının (SCA) Misir arxeoloji missiyası qumdaşı otağının qalıqlarını, üzərində Kral I Psamtikin adları və titulları olan yazılı daş blokları və müxtəlif artefaktları aşkar edib.

SCA-nın baş katibi Hişam Elleiti qeyd edib ki, tapıntılar ərazinin tarixi və dini əhəmiyyətinə dair yeni dəlillər təqdim edir, onun ardıcıl dövrlərdə əsas inzibati mərkəz kimi rolunu təsdiqləyir.

Şuranın Misir Antik əşyalar sektorunun rəhbəri Məhəmməd Əbdül-Badiyə bildirib ki, missiya, həmçinin məbədin 16 qumdaşı sütunu, bitişik otaqları və ziyarətgahları, Amun-Ra, Amunet və Xonsu kimi tanrıların adlarını daşıyan heroqlif mətnləri olan əsas hipostil zalını da aşkar edib. O əlavə edib ki, zalın tikintisi Kral I Psamtikin dövründə başlayıb və Kral Vahibre (Apries) və Kral Ahmose (Amasis) dövründə başa çatdırılıb.

Qeyd olunub ki, missiya, həmçinin firon II Ramzesin dövründən qalma 18-ci sülalənin Kralı Amenhotepin hakimiyyətinə aid daş stela tapıb ki, bu da oazisin Yeni Krallıq dövründən bəri Misir dövləti ilə əlaqələrini təsdiqləyir. Məbəddə II Ramzesin dövründən qalma əşyalar ilə yanaşı, 26-cı sülalədən əvvəlki dini və şəhər fəaliyyətini göstərən əsərlər də tapıb.